Ötən ilin məhz bu günlər idi.
"Azadlıq" qəzetində işləyirdim. Yorucu siyasi tədbirlər, isti havalar, şəxsi problemlərin ardında həftəsonu İsmayıllıya və Göyçaya getmək təklifi lap göydəndüşmə oldu.
Təklif Ramin Dekodan gəldi. Bizim birlikdə "Yeni Müsavat" qəzetinin əməkdaşı Emil Salamoğlu da gedəcəkdi. Amma biz istirahətə yox, iş dalınca gedirdik.
Adını birinci dəfə Ramindən eşitdiyim hüquq müdafiəçisi Vidadi İsgəndərli jurnalistləri Göyçaya çağırmışdı ki, sakinlərin hansısa problemini işıqlandıraq.
Jurnalistlər bilir ki, belə səfərlər bizim üçün həm də istirahətdir.
Şənbə günü işdən çıxıb taksiylə İsmayıllıya getdik. Bizi yekəpər, yanaqları qırmızı, keçəl bir kişi qarşıladı.
Öyrəndim ki, Vidadi İsgəndərli dedikləri adam budur. Vidadidən enerji fışqırırdı.
İsmayıllının ortasında taksinin pulunu verib bizi başqa bir maşına otuzdurdu. Vidadinin tanışlarından birinin evinə getdik...
Gecə saat 12-də bizim üçün yüngülvari kabab süfrəsi açıldı. Vidadi hardansa bir rus arağı da təşkil etdi. Gecə, sərin hava, rayondan bir az kənarda yaxşıca vurduq.
Vidadi min dənə mövzudan danışdı. Göyçaylılardan, onlara necə kömək etməsindən, ona olan təqiblərdən, Elçibəylə bağlı xatirələrdən.
Yaxşı yedik içdik.
(Həmin gecə Facebookda yazdığım statusu bu gün gördüm: "Cənnətdə")
Vidadinin xorultusundan gecə yatmaq olmurdu. Səhər dalımızca başqa bir maşın gəldi. Dördümüz birlikdə rayona düşdük. Rayonda Vidadinin başqa bir tanışının evində səhər yeməyi yedik.
Vidadi elə durmadan danışırdı. Raminlə Emilə yazacaqlarını mövzunu izah edirdi. Bunlar mənim vecimə deyildi. Mən sadəcə istirahət etməyə gəlmişdim.
Səhər yeməyindən sonra Göyçaya getdik. Göyçaya çatanda artıq nahar vaxtı idi. Bu dəfə başqa bir maşınla gedirdik. Vidadi yoldan ət aldı.
Göyçayda rayondan bir az kənarda çayın qırağındakı kafedə dayandıq. Vidadi əti verdi ki, kabab bişirsinlər. Bu dəfə araq yox pivə içdik.
Yeyib içəndən sonra Vidadi soyunub çaya tullandı. Bizi də çağırdı ki, çimək. Amma tərəddüd edirdik. Əvvəlcə Ramin, sonra mən suya tullandıq.
Vidadinin enerjisi bitmək bilmirdi. Sudan çıxandan sonra bir az da oturduq. Elə hey danışırdı. Günortadan sonra bizi başqa bir maşına mindirib aksiya gözlənilən yerə göndərdi. Gedib orda 2-3 saat gözlədik. Ancaq aksiya olmadı.
Qayıtdıq Bakıya.
Sonra eşitdim ki, Vidadi İsgəndərli parlament seçkilərində namizədliyini irəli sürüb.
Onu bir də seçkidən sonra RATİ-nin ofisində gördüm. Göyçaydakı köhnə namizədləri yığmışdı başına mətbuat konfransı keçirirdi.
Deyirdi məntəqədən saxlataşdırılmış bülletenləri götürdüyünə görə ona cinayət işi açılıb.
Sonra Vidadi İsgəndərlininin adını bu ilin 17 aprelində eşitdim.
Sonuncu dəfə onun adını eşidəndə öyrəndim ki, artıq 3 il həbs cəzası verilib...