29 Haziran 2011 Çarşamba

Siyasi qeydlər


Çoxdandır bu yazını yazmaq istəyirdim. Ancaq bir çox səbəblər vardı. Yaza bilmirdim. Həm vaxt çatışmamazlığı... Həm də digər.

Ancaq indi yazmağa cəhd edəcəm.

Demokratiyaya hazırıqmı?


Azərbaycanda müxalifəti tənqid etməkdən asan heç nə yoxdur. Amma etiraf edək ki, iqtidarı tənqid etmək də elə də çətin məsələ deyil. Təbii ki, ikinci üçün müəyyən sərhədlər var. Birincini tənqid etmək istəyənlər isə bur sərhədləri gözləmirlər. Çünki birincinin əlində güc, ordu, polis, pul yoxdur. Əslində normaldır.

Axı burda təəccüblü nə var ki? Bir halda ki, biz Azərbaycandakı mövcud siyasi rejimi avtoritaj rejim adlandırırıq... O zaman bütün resursların məhz onun əlində olması məntiqə uyğundur.

Eləcə də ölkə boyu dövlət başçısının atasının heykəllərinin olması, hər yerə onun adının verilməsinə də təəccüblənmək gülüncdür. Həmçinin seçkilərin saxtalaşdırılmasını da normal qəbul etmək lazımdır.

Diqqəli olun. Siz köklü demokratiyanın olduğu bir məmləkətdə yaşamırsınız. Bu ölkədə demokratiyanın olsa-olsa 2-3 illik ənənəsi var. Azərbaycan iqtidarının pis niyyətlə istifadə etməkdən zövq aldığı "Azərbaycan xalqı demokratiyaya hazır deyil" ifadəsi əslində tamamilə doğrudur.

Amma bir şey də var. Siz bu xalqa demokratiyanı haçan daddırdınız ki, hazır olmadığını biləsiniz. Hakimiyyətdə olanlar da bu xalqın bir parçasıdır. Deməli doğurdan da bu xalq demokratiyaya hazır deyil. Hazır olsaydı, gücün başında olanlar demokratiyanı boğmazdılar.

Eləcə də Azərbaycan müxalifətini təmsil edənlər bu xalqın bir parçasıdır. Bəs onlar necə? Onlar demokratiyaya hazırdırlarmı? Nəzəri cəhətdən hazırdılar deyə bilərik. Amma praktik cəhətdən bunu yoxlamaq mümkün deyil. Bəlkə də mümkündür. Partiyaların öz daxilində demokratik prinsiplərə əməl olunurmu? Məsələn, düşünə bilərik. Niyə İsa Qəmbər 19 ildir Müsavat partiyasının başqanıdır? Halbuki, Əliyevlərin hakimiyyət müddəti 18 ildir.

Bu müqayisə bəlkə də yalnışdır. Yanıla bilərəm mən. Məqsəd müxalifət partiyalarını tənqid etmək, aşağılamaq deyil. Sadəcə doğurdan da demokratiyaya hazır olmadığımız düşünürəm. Təfəkkür o təfəkkür deyil.

Yalnış yalnış dalınca


Bu il əvvəlində ərəb ölkələrində inqilab başlayanda bizdə bir ruhlanma oldu. Özümüzü ərəb ölkələri ilə müqayisə edəndə siyasi vəziyyətin çox fərqli olmadığını görürdük. Ərəbləri necə idarə edirdilərsə, bizi də burda elə idarə edirdilər.

“Ərəb dominosu” deyilən bir anlayış çıxdı ortaya. Hamı deyirdi ki, bütün ərəb ölkələrində inqilab olub bitən kimi növbə bizə də gəlib çatacaq. Yəni “ərəb dominosu” Azərbaycandakı siyasi rejimi də yıxacaq. Ancaq heç kimin ağlına bu gəlmirdi ki, bu sualı özünə versin: ərəblərdən bizə nə?

Biz ərəbmiyik? Etnik olaraq eyni dindənik. Amma Azərbaycanda heç İslam ölkəsi də deyil. Dünyəvi ölkədir və əhalisinin böyük əksəriyyəti heç aktiv olaraq ibadətlə də məşğul olmur.

Biz ərəb ölkəsi deyiliksə, bu domino bizə niyə təsir etməliydi?

Doğrudur ölkədə nisətən canlanma hiss olunurdu. Avtobusda, taksidə, çayxanalarda inqilab sözü tez-tez işlənməyə başlamışdı.

Bu zaman müxalifətin yeni və növbəti birliklərindən biri olan İctimai Palata təsis olundu. Müxalifət düşərgədə də özünə inam güclənməyə başladı. Hətta bu özünü qəzet satışlarında da göstərirdi. İnsanlar ölkədə baş verən proseslərlə maraqlanmağa başlamışdı.

Lakin nə baş verdi?

Birdən birə ortaya “11 mart” söhbəti çıxdı. Facebook-da “11 mart” məsələsini oxuyan gecə çox gülmüşdüm. İnanın. Tam ciddi deyirəm. Hətta istəyirdim bu məsələylə bir xeyli mırtlaşım. Nəyə gülməyim tuturdu? Bir neçə gəcn sosial şəbəkədən insanları küçəyə çıxmağa və etiraz etməyə dəvət edirdi.

Pafosun biri bir qəpik idi. Ancaq buna görə gülmürdüm. Həmin bir qrup gənclər kimlərdən ibarət idi? Bəxtiyar Hacıyevdən başqa hamısı xaricdə idilər. Səhərisi gün kim çıxrırdısa qabağıma bunu danışıb gülürdük.

Amma gün keçdikcə məsələ ciddiləşirdi. Artıq minlərlə adam buna dəstək verirdi.

Məsələnin ciddiləşdiyini görəndə Bəxtiyarın halına acıdım. Sonradan bu “event”ə təşkilatçı kimi qoşulan iki dostumdan birinin birtəhər başın bişirdim ki, ordan çıxsın. Digəri isə özü çıxmışdı. Ancaq Bəxtiyarla yaxın olmadığımıza görə bunu ona deyə bilmədim.

Yüz faiz həbs olunacağından əmin idim. Və martın 4-də Bəxtiyar gözlədiyim kimi tamamilə başqa bir ittihamla həbs olundu. Halbuki, indi o 1 illik hərbi xidmətə gedər və qayıdıb daha xeyirli işlərlə məşğul ola bilərdi.

Ancaq hər kəsin şəxsi seçimi var. Hər kəs özünə görə cavabdehdir.

11 mart söhbəti isə getdikcə şişirdi. Hakimiyyət bütün günü televiziyalarda 11 martın anti təbliğatını aparırdı. Bu mənə çox şübhəli görünürdü. Çünki hakimiyyətin texnoloqları uşaq deyil. Onlar başa düşürdülər ki, 11 mart tamamilə qeyri-ciddi məsələdir.

Əslində heç nə olmayacaq. Bəs 11 martı şişirtməkdə məqsəd nə idi?

Öncə müxalifəti cəmiyyətin gözündə bir az böyütmək. Sonra isə 11 mart günü heç nə baş verməyədən sonra müxalifəti cəmiyyəti gözündə yerlə yeksan etmək... Bəli, buna nail oldular. Ortalıqda bir şey olmaya-olmaya 11 martdan ciddi gözləntiləri olan xalq heç nə olmayınca müxalifət haqda yenidən ağzına gələni danışmağa, ağlına gələni düşünməyə başladı...

Üstəgəl hakimiyyət bu hadisədən istifadə edərək həm Facebook-a qarşı fiziki hücuma keçdi. Həm də cəmiyyətdə bunun da anti-təbliğatını apardı.
Ərəb inqilablarının verdiyi enerji 11 martda xərcləndi. Bununla da hər şey bitdi. 12 martda Müsavatın aksiyası oldu.

Nisbətən maraqlıydı. 2 aprelə ciddi hazırlıqlar getdi. Minlərlə insanın meydana çıxacağı gözlənilirdi. Müxalif düşərgədə ciddi inam var idi. Lakin artıq hər şey 11 martda həll olunmuşdu. Doğrdurur 2 aprel mitinqi son illərin nisbətən ən ciddi mitinqi idi. Lakin ortalıqda 500-600-dən artıq adam yox idi.

2 aprel hakimiyyətin əlinə növbəti fürsət verdi: cinayət işləri. Mitinqdə tutulanlara cinayət işi açmaqla, zatən qorxu və inamsızılıq içində boğulub batan insanları daha da dərinliklərə sürüklədilər...

Yalnış qərarlar bir-birinin ardınca davam etdi...

17 aprel və 19 iyun...

Azərbaycan müxalifəti qapılarını açdı iqtidarın üzünə. “Gəl- dedi- gəl məni bitir, 2013-ə sağ çıxmayım”...

Kimdir günahkar?

Yenə təkrar edirəm. Əgər biz hakimiyyəti avtoritar adlandırırıqsa o zaman bütün bunlara görə hakimiyyətdə günah axtarmaq axmaqlıqdır.

Savadsız və idarə edilməyi gözləyən kütlədə isə nöqsan axtarmaq günahdır.
Bəs yalnışları kim edir?

Müxalifətmi?

Yoxsa müxalifətin bir qrupumu?

Hansısa qüvvələrmi?...