
Bir neçə gündür yağışlar başlayıb. Yağış haqqında minlərlə mahnı, şeir var. Yağış romantikadır. Yağışdan yazmaq fikrim yox idi. Ötən ilin o möhtəşəm yağışlı günləri yadıma düşdü. Kürdəki daşqınlara səbəb olan yağışlar.
Mən o zaman əsgər idim. Tovuzun Əlibəyli kəndində. Deyəsən, aprel ayı idi. Bütün ay dayanmadan yağış yağdı. Dayanmadan. Yadıma Markesin “İzabel Makondada yağışa baxır" əsəri düşürdü.
Mən belə şey birinci dəfədir görürdüm. Dəli olmuşdum. Səngərə girib çıxmaq olmurdu. Batinkalara yapışan palçığı təmizləməkdən yorulurduq. Hər yer palçıq idi. Yemək yeyəndə də qabın içindən palçıq idi. Çörəklərin üstü palçıqlı idi. Yerin altında yerləşən kazarmamız da, yataqlarımız da palçıq idi.
Həm də səngərlər uçub dağılırdı. Yağışdan sonra əsgərləri ağır iş gözləyirdi.
Buna baxmayaraq biz - əsgərlər yağışı özümüzə dost sayırdıq. Göydə qara buludlar görsənəndə hamı sevinir, Tanrıya təşəkkürlərini bildirirdilər. Çünki yağış yağanda əsgərlər günlərlə blindajdan çıxmırdılar. Yeyib yatırdılar.
Mən də bütün romantik adamlar kimi pəncərənin qabağında dayanıb çölə baxırdım. Bakını, dostları, sevdiklərimi düşünürdüm.
Hər saatda azı iki siqaret çəkirdim. Yağış, siqaret... Yağış yağanda siqaret yandırmadınsa, böyük bir həzzi qaçırmış olurdun.
Postun ətrafında 5-6 avara it var idi. Bizə hürməzdilər. Yad adam görən kimi hürürdülər. Amma dəhşətli dərəcədə qorxaq itlər idi. Pişiklər də çox idi. Mən birinci dəfə orda pişiklə itin dostluğunu gördüm. Əsgərlikdə olanlar bilir. Hərbidə hər şey “qrajdanskiy” (mülki) və “vayenniy” (hərbi) deyə iki yerə bölünür. Yeməklər, adamlar, arzular, çay, su... Hətta yuxular da ya “qrajdanskiy” olurdu, ya da “vayenniy". Səhər yuxudan duranda biri deyirdi ki, bu gecə “qrajdanskiy” yuxu görmüşəm, çox pisəm. Belə yuxu görmək, doğurdan da, pis idi. Adam bütün günü ev üçün, mülki həyat üçün darıxırdı. Biz o heyvanlara da “vayenniy” deyirdik. Onlar da sanki bizimlə bir yerdə hərbi xidmət keçirdilər. Bizim yedimiyiz yeməklərdən yeyir, yatdığımız yerlərdə yatırdılar. Onlar da bizim kimi hər zaman yorğun və yuxusuz görsənirdilər.
Bərdədən bir əsgər var idi. Pişikləri yaman sevirdi. Savadsız birisi idi. Dünyadan xəbəri yox idi. Adını da yaza bilmirdi. Amma pişikləri dəhşətli dərəcədə sevirdi. Yağış yağanda pişikləri buşlatın altında gizlədib blindaja gətirirdi. Bunun üstündə onu neçə dəfə döymüşdülər. Amma xeyri yox idi. Pişiklərə görə döyülməyə də, söyülməyə də razı idi. Yeməkxanadan pişiklər üçün ət, çörək oğurlayıb gətirirdi.
Bir dəfə gecə növbədə idim. Əlimdə silah, əynimdə kaska-bronjilet. Özüm də dəhşətli dərəcədə əsəbiyəm. Evdəkilərlə problemim var. Yaman dərdliyəm. Ürəyim partlamaq üzrədir. Az qalıram hər şeyi atıb qaçım. Uzaqdan düşmən maşınlarının işığı görsənir. Hava çox gözəldir. Bir də gördüm bala pişiklərdən biri ayağımın yanında o tərəf bu tərəfə gedib gəlir. Bir azdan pişik üstümə dırmaşmağa başladı. Dəli olmuşdum. Birinci dəfədir, pişiyin adamın üstünə çıxdığını görürdüm. Sanki pişik dərdimi dağıtmağa gəlmişdi. Gülümsədim sadəcə. Mən hər zaman pişiklərin qeyri-adi heyvanlar olduqlarını düşünürdüm. Pişiklərdə bir ilahilik olduğunu düşünürdüm. Həmin hadisədən sonra düşündüklərimə inanmağa başladım.
Qayıdaq yağışlı günlərə. Günlər keçir, yağış dayanmır...
Hər şeydən və hamıdan uzaq bir yerdə darıxmamaq üçün əyləncə axtarırdım.
Telefonum da var idi. Gündə iki- üç dəfə Bakıyla danışırdım. Amma danışacaq çox az şey olurdu. Mən orada olanları Bakıdakılara danışmaq istəmirdim. Bilirdim ki, hamıya maraqsızdır. Ümumiyyətlə, əsgərlik mövzusunun bütün dostlarım üçün maraqsız olduğunu bilirdim. Onların ancaq keflərini soruşmaqla yekunlaşdırırdım söhbəti. Arada bir nə etdiklərini, harda olduqlarını soruşurdum. Filankəs, filankəs necədir və s... Kimin təzə kitabı çıxıb, kim qəzetdə nə yazır, kim harda işləyir və s. bu kimi şeylər. Bunları da hər gün soruşmaq olmurdu.
Bütün aprel ayı boyunca yağış kəsmək bilmirdi. Mənsə darıxırdım. Məni məzuniyyətə buraxmırdılar. 10 aydan çox idi ki, Bakıdan uzaq idim. Hər gün əlaqə zəng çalanda məzuniyyət xəbəri olacaq deyə ürəyim döyünürdü. Yağışlar dayandı, günəş çıxdı, hər yan yaşıllaşdı, amma mən hələ də əlaqə zəngini gözləyirdim. Məni məzuniyyətə mayın axırı buraxdılar.
Arada peyk antenasından “Azadlıq” radiosuna qulaq asırdım. Hər şeydən xəbərim olurdu. Xəbərsiz deyildim. Amma xəbər adamın köməyinə çatmır. Adam hadisələrin içində olmaq istəyir.
Yağışdan başlayıb haralara gedib çıxdım. Mən əslində başqa şeydən yazmaq fikrindəydim.
Bu günlərdə şəhərdəki kafelərin birində dostlarla yaxşıca vurmuşduq. Çıxanda gördük ki, yağış başlayıb. Fəvvarələr meydanında yeni ilə görə quraşdırılmış işıqların fonunda yağış çox əsrarəngiz görsənirdi...
Birdən içimdən əslində Bakını nə qədər sevdiyim keçdi. Şəhərin, doğurdan da, gözəl olduğu keçdi. İstanbul haqqında yazılan mahnıları, şeirləri, romanları Bakıdan da yazmaq olar...
Metroya qədər yağışın altında gəzişdik. İçkinin təsiri ilə hər şeyin gözəl olduğu keçdi ağlımdan... Yaşımın ən gözəl çağı... Ən gözəl dostlar yanımda...
Ancaq bir pis şey var idi ağlımda... Bax o məni oyatdı...
O da lənətə gəlmiş avtoritarizm...
Abzas.net