
“Gənclərə qarşı repressiyanın arxasında nə dayanır? Təbii ki, hakimiyyətin qorxusu. Azərbaycan hakimiyyəti həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq aləmə siyasi müstəvidə cəmi 3 qüvvə olduğunu təqdim etməyə, yalnız bu 3 qüvvə arasında seçim etməyə çalışır: hazırkı rejim - insan hüquqlarını pozmaq bahasına sabitliyi və xarici maraqları təmin edən qüvvə; müxalifət - hakimiyyətin repressiyası nəticəsində resursları məhdudlaşan, uzun müddət əleyhinə qara PR aparılmış qüvvə; radikal dini qruplar - nə ölkə ictimaiyyətinin, nə də beynəlxalq qüvvələrin marağında olan qüvvə.
Dördüncü potensial qrupu isə hakimiyyət əzməyə, daxildə və xaricdə alternativ qüvvə kimi formalaşmasının, qəbul edilməsinin qarşısını almağa çalışır. Çünki bu qrup həm ölkə ictimaiyyəti, həm də beynəlxalq aləm üçün cazibədar alternativ ola bilər.
Sadə Azərbaycan vətəndaşları qonşu Gürcüstanda təhsilli, gənc kadrlardan ibarət komandanın qısa müddətdə apardığı demokratik islahatlardan, polis, təhsil və səhiyyə sistemlərində vətəndaşlar üçün yaradılmış şəraitdən, korrupsiya ilə mübarizədən böyük həvəslə danışır, Azərbaycanda da bənzər müsbət dəyişiklikləri arzu etdiklərini deyirlər.
Gənclərdən ibarət potensial alternativ beynəlxalq qüvvələr üçün də maraqlı ola bilər. Çünki indiki hakimiyyət həm daxili sabitliyi insan hüquqlarını kobud sürətdə pozmaq hesabına qoruyur, həm də qarşılıqlı maraqları təmin etmək üçün bu hüquq pozuntularına, korrupsiyaya göz yumulmasını istəyir. Xaricdə təhsil almış, sözün əsl mənasında dünya ilə ortaq dil tapa bilən, ortaq dəyərlərə inanan qrup həm daxili sabitliyi, həm də qarşılıqlı maraqları insan hüquqlarını pozmadan təmin edə və sürətli demokratik islahatlar həyata keçirə bilər. Məhz buna görə də son illər hakimiyyət müxtəlif yollarla, o cümlədən gəncləri həbs edərək bu qrupu “zərərsizləşdirmək” üçün çalışır.
Bu proses Avropada Təhsil Alan Azərbaycanlı Tələbələr Forumunun (FASE) neytrallaşdırılması ilə başladı. Avropada qeydiyyatdan keçmiş QHT olan FASE-yə çox istisna bir hal kimi prezident sərəncamı ilə maliyyə yardımı ayrıldı. Təşkilatın maliyyə asılılığı hesabına nəzarətə alınması özünü tezliklə göstərdi. FASE-nin London forumunda öz fikirlərini azad platformada səsləndirən gənclərə təzyiqlər başladı ,onlar təşkilatdan uzaqlaşdırıldılar. Bundan qısa müddət sonra isə Avropa təhsilli Emin Milli və Amerika təhsilli Adnan Hacızadə həbs edildi. FASE-nin maliyyə asılılığına görə təşkilatı tərk edənlərin yaratdığı Azərbaycan Vətəndaşlarının Avropa Forumu (FACE) İstanbulda forum keçirəndə Azərbaycanın bu şəhərdəki konsulluğu tədbirin qarşısını almaq üçün xüsusi canfəşanlıq göstərdi.
8 ildir təşkil olunan Beynəlxalq Azərbaycanlı Tələbələr Forumu (ASAİF) 2010-cu ildə Prezident Adminstrasiyasının binasında, PA rəsmilərinin nəzarəti altında təşkilat kimi təsis edildi. Bu, heç şübhəsiz ki, xaricdə təhsil almış gəncləri təsir və nəzarət altına almaq cəhdi idi. Bundan başqa “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı” çərçivəsində müstəqil mövqeli gənclərə yox, hakimiyyətə yaxın şəxslərə təqaüd verilməsi onu göstərir ki, hakimiyyət xaricdə təhsil alan müstəqil düşüncəli insanlardan ehtiyatlanır. Yeni hazırlanan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə dövlət proqramı” isə təhsilli, fəal gənclərin qısamüddətli kiçik peşkəş qarşılığında ölkəmizin ictimai maraqlarına zərər vuran siyasətə göz yumması, dözümlü yanaşmasına hesablanıb.
Ümid edirəm ki, gənclərimiz dövlət proqramlarının imkanlarından faydalananda ayıq olacaq, bu proqramların hökümətdən yox, dövlət büdcəsindən maliyyələşdirildiyini xatırlayacaq, uzunmüddətli ictimai maraqları qısamüddətli şəxsi maraqlara qurban verməyəcəklər.
Eyni zamanda ümid edirəm ki, beynəlxalq təşkilatlar, Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyalar gənclərə qarşı repressiyaya qarşı daha açıq, daha sərt mövqe ortaya qoyacaqlar. Repressiyanın davamına dözümlü yanaşma uzun müddətdə həm ölkəmiz, həm də beynəlxalq aləm üçün geri qaytarıla bilməyən mənfi nəticələr doğura bilər.
21 May 2011
(Mediaforum)