Milena üçün növbəti şeir

qadin ev heyvanidir
kishi onu tebietden tutub ehlilesdirib
Aqsin





...bu gün biz öpüşmədik
bu gün qar yedik göydən
bu gün biz yox -
əlcəklərimiz tutmuşdu əl-ələ...
bu günün- bilirdim-
sonu ağlamaqla bitəcək
bilirdim
gecə saat ikinin yarısı aqşinin şeirini
elə onun öz dilindən dinləyib
ağlayacaqdım
durub çıxıb getmək istəyəcəkdim evdən
sonra düşünəcəkdim ki
onunla eyni şəhərdə yaşamaq olar hələ ki
bu gün şəhərə yağan qar əridi
yağmaq istədi yenə, yağa bilmədi
milena!...
qardan zəhləsi gedən adam
şeir yazmaq istədi
amma yaza bilmədi...
şeir yaza bilmədi və ağladı...
ağladı ağlamağı sevən adam...
bu gün biz öpüşdük amma öpüş olmadı
qarın əriməyi oldu bu
qarın yağa bilməməyi oldu bu
mənim şeir yaza bilməməyim oldu bu!...
milena!
ölümü arzulamaq onu yaşamaqdan daha asandır
milena!...
sevgini arzulamaq sevməkdən daha yaxşıdır!
milena!
öpüşən adamları seyr etmək öpüşməkdən daha gözəldir!
milena!
bu şeirin arxasındakı adamın hisslərini duymaq üçün-
sən çox istedadlı olmalısan
milena!...
bu gün qar yağa bilmədi
biz yox əlcəklərimiz tutdu əl-ələ
biz yox dodaqlarımız öpüşdü...
milena
bu gün biz yox idik
iki nəfər başqası idi bizim əvəzimizə...
iki nəfər başqası
şəhərədə avarlanırdı

Yeni şeirlər

Günellə kilsədə
1-ci cəhd.

...
Xəyanət ritm axtarışıdır qadının
eləcə də kişinin.
Aqşin

Günel, sən məni
mənsə İsa Məsihi sevirəm
Günel, bizi də onun kimi
Xaça çəkəcəklər
Bizi də öldürəcəklər dostlarımız
Üstümüzə “xəyanətkarlar” yazacaqlar...
Xəyanət nədir bilirsən?

Xəyanət məsələn bizim kilsəyə gəlməyimizdir
Biz indi məsciddə olmalıydıq
Xəyanət yad olduğun yerdir
Soyuq divarlar
Soyuq xaç işarələridir xəyanət
Estetika axtarışıdır xəyanət
Xəyanət inamsızlıqdan yaranır

Nədirsə, doğma şeydir
insana məxsusdur xəyanət

Qorxursan, əllərin tir-tir əsir
Qorxma, bir yerdə öləciyik...
Heç kəs qəbrimiz üstündə şam yandırmayacaq
Heç kəsə bizə şam yandırmayacaq...
Yaxşı ki bizim başımız üstündə molla oxumayacaq
Yaxşı ki, yasımızdan plov yeməyəcəklər
Yaxşı ki, məsciddə yumayacaqlar bizi

Xaça çəkilmək necə də gözəldir

Alınmır...alınmır bu şeir..
Gəl yenidən gedək ora...


----


Günellə kilsədə
2-ci cəhd

Allaha sığınan bu qocalar daha çox yaddır bizə
Bir islam müqəddəsindən
daha səmimidir İsa`nın heykəli
Görəsən qocalanda
Tanrı sənə yaxınlaşır yoxsa sən Tanrıya
Niyə bütün qocalar Tanrıya inanır?

Qocalıq həyatın insana qalib gəlməsdir!
Qocalıq insanin həyata qalib gəlməyidir!
İkiniz də məğlubsunuz!
İkiniz də mənasız!

Günel, əllərin tir-tir əsir
Qorxma, Tanrı məni sevir
O`nun oğlu mənim dostumdur
Bilirsən, arzumdur-
xaça çəkilərək ölmək!
Günel, sən qayıt
Mən burda qalmaq və ölmək istəyirəm.

Sən qayıt evə
Dərslərini oxu
Bərk dayan, güclü ol!
Mən dua edəcəm hələ burda
O`nun oğlu mənim dostumdur...

Çölə çıxanda o dilənçilərə pul vermə
Pul vermə onlara Allah yolunda..
Allah yolunda pul vermə onlara
Allah yolunda...
Allah yolunda...