Dostum Baba üçünBaba, məncə biz atalarımızı öldürüb
sonra onların məzarları üstündə
oturub, hönkür-hönkür
ağlamalıyıq günlərlə!
lap arvad kimi
yağış yağanacan ağlamalıyıq
yağış yağanacan
göylər də bizə qoşulanacan...
sonra qalxıb üst başımızın
toz-torpağını, palçığını silib
cibimizdəki ucuz siqaretdən
birini də yandırıb evə
oğlumuzun yanına dönməliyik...
arada bir eynəyini çıxarıb
gözlərinin yaşını sil
qarşındakı pivəni də tez bitir
yenisin gətirsinlər
siqaretimdən də birini yandır
mənə qulaq as:
oğlumuzu böyütməklə davam etməliyik həyata
inan mənə
mən həmişə düz deyirəm, Baba
atalarımızın heç vaxt etmədiyini etməliyik oğlumuz üçün
hər gecə o yatanda öpüb onu,
“gecən xeyrə, oğlum!” deməliyik
aradabir gecə oyanıb üstünü örtməliyik
istədiyi oyuncağı almalıyıq
onu mümkün qədər azad buraxmalıyıq
sevdiyi qıza bayramlarda
hədiyyələr alsın deyə
“oğlum, bu aralar lazım olar” deyə
ona pul verməliyik
hər ad günündə
onu bahalı bir restorana götürməliyik, yekə bir tort kəsməliyik
onu kişi kimi böyütməliyik
hətta 18 yaşında fahişə yanına belə aparmalıyıq onu
amma evimizdə atamızın yekə bir şəklini asmadan
o şəklin
yas plov siqaret simovar iyli enerjisini
evə doldurmadan etməliyik bunu
ölən adamların divardan asılmış şəkillərindən
həmişə bu qoxular gəlir
Baba, kədərlənmə, hamımızın atası öləcək...
və hamımızın oğlu olacaq
hamımız oğul böyüdəciyik atamızın acığına
Baba, kədərlənmə, biz daha yaxşı ata olacıyıq.