Yeni şeirlər

Günellə kilsədə
1-ci cəhd.

...
Xəyanət ritm axtarışıdır qadının
eləcə də kişinin.
Aqşin

Günel, sən məni
mənsə İsa Məsihi sevirəm
Günel, bizi də onun kimi
Xaça çəkəcəklər
Bizi də öldürəcəklər dostlarımız
Üstümüzə “xəyanətkarlar” yazacaqlar...
Xəyanət nədir bilirsən?

Xəyanət məsələn bizim kilsəyə gəlməyimizdir
Biz indi məsciddə olmalıydıq
Xəyanət yad olduğun yerdir
Soyuq divarlar
Soyuq xaç işarələridir xəyanət
Estetika axtarışıdır xəyanət
Xəyanət inamsızlıqdan yaranır

Nədirsə, doğma şeydir
insana məxsusdur xəyanət

Qorxursan, əllərin tir-tir əsir
Qorxma, bir yerdə öləciyik...
Heç kəs qəbrimiz üstündə şam yandırmayacaq
Heç kəsə bizə şam yandırmayacaq...
Yaxşı ki bizim başımız üstündə molla oxumayacaq
Yaxşı ki, yasımızdan plov yeməyəcəklər
Yaxşı ki, məsciddə yumayacaqlar bizi

Xaça çəkilmək necə də gözəldir

Alınmır...alınmır bu şeir..
Gəl yenidən gedək ora...


----


Günellə kilsədə
2-ci cəhd

Allaha sığınan bu qocalar daha çox yaddır bizə
Bir islam müqəddəsindən
daha səmimidir İsa`nın heykəli
Görəsən qocalanda
Tanrı sənə yaxınlaşır yoxsa sən Tanrıya
Niyə bütün qocalar Tanrıya inanır?

Qocalıq həyatın insana qalib gəlməsdir!
Qocalıq insanin həyata qalib gəlməyidir!
İkiniz də məğlubsunuz!
İkiniz də mənasız!

Günel, əllərin tir-tir əsir
Qorxma, Tanrı məni sevir
O`nun oğlu mənim dostumdur
Bilirsən, arzumdur-
xaça çəkilərək ölmək!
Günel, sən qayıt
Mən burda qalmaq və ölmək istəyirəm.

Sən qayıt evə
Dərslərini oxu
Bərk dayan, güclü ol!
Mən dua edəcəm hələ burda
O`nun oğlu mənim dostumdur...

Çölə çıxanda o dilənçilərə pul vermə
Pul vermə onlara Allah yolunda..
Allah yolunda pul vermə onlara
Allah yolunda...
Allah yolunda...