
Mənim adım T.-dir. Mən bu oğlanın ilk hekayəsinin balaca bir qəhrəmanıyam. Bəlkə də mən bu oğlanın ilk qəhrəmanıyam, uydurmağa çalışdığı ilk qəhrəman. Mənə dediyinə görə, ümumiyyətlə, qəhrəman sözündən və qəhrəmanlıq anlayışından zəhləsi gedir. Səbəbini izah etmiyib. Açığı mənə elə gəlir ki, bu oğlan çox şeyin səbəbini bilmir. Nədən, niyə xoşu gəldiyini və niyə zindeyi-zəhləsi getdiyini bilmir. Həm də onu deyib ki, bu, çap üçün yazmağa hazırlaşdığı ilk hekayəsidir. Əvvəllər hekayə yazmağa cəhd edib, amma həmin hekayəni kiminsə oxuyacağını heç ağlına da gətirməyib. Bu hekayəsini isə dıqqılı bir oxucu dairəsi üçün hesablayıb. Amma dediyinə görə hekayənin bəyənilib-bəyənilməyəcəyi vecinə deyil. İndi də keçək onun mənim üçün uydurduğu hekayəyə.
Mən yuxarıda da müəllifin qeyd etdiyi kimi T.-yəm (əvvəlcə istəyirdi adımı Tarik qoysun, sonra fikirləşdi ki, bu çox mənasızdı, eləcə T. yazmaq daha gözəl və cəlbedicdir). Arıq, ortaboylu bir oğlanam.Dünən, dostumla kədərimizin üstünü düzəltmək üçün hərəmizə 2 dənə “Arizona” pivəsi aldıq, Karib dənizinin sahilində oturub pivələri içdik. Mən bədəncə zəif olduğumdan, spirtli içki çox az-az içdiyimdən bədənim içkiyə öyrəşməyib və tez kefli oluram. Dostumsa eşşək şeydi, nə qədər içir-içsin keflənmək bilmir, içən kimi də Çe Gevara haqqında danışmağa başlıyır, Meksika şairlərindən şeirlər deyir, Kuba folklorundan, Kanada aşıqlarından dəm vurur.Mənsə içən kimi depresiyaya düşürəm.
Dünənsə ümumiyyətlə, içib depresiyaya düşməmək qeyri-mümkün idi. Çünki, sevgilim olacaq birisi vardı ya, ona zəng etdim telefonu açmadı. Əsəbləşən kimi siqaret yandırıram. Əslində siqaretin heç bir fiziksəl təsiri yoxdur əsəblərə, amma psixoloji kömək edir adama. Dünən o qədər siqaret çəkmişdim ki, bu gün tezdən bütün bədənim tütün iyi verirdi.Dünən axşam bir təhər evə qayıtdıqdan sonra tez keçdim kompüterimin qabağına. MSN-də başımı qatmaq fikrim var idi, bir az stress atmaq, depresiyanı dağıtmaq üçün. Amma ağlıma yeni ideyalar gəldi: intihar. Yox, heç də özümü öldürmək fikrim yox idi. Mən ölüm barədə düşünəndə belə, təşvişə düşürəm, həyacanlanıram, tez su içmək, hardasa uzanmaq istəyirəm. Ona görə də ağlıma “intihar” deyə bir ideya gəldiyində düşünməyin ki, özümü öldürməyi fikirləşmişdim. Sadəcə dostlarla və sevgilim olacaq o mənasız afro-amerikanla bir az məzələnmək istəyirdim. MSN-ə daxil olan kimi başladım bütün dostlarıma ismarıc göndərməyə ki, bəs özümü öldürürəm, gəlmişəm sizinlə sağollaşmağa. Başladılar təşvişə düşməyə. Dedilər ki, a kişi etmə, eləmə, cavansan özünə qıyma. Hələ nə yaşın var ki? Nə görmüsən ki? Mən dedim ki, yox, bunu mütləq etməliyəm. Başqa çarəm yoxdur. O qədər ciddi danışırdım ki, artıq özümü də inandırmışdım buna və özüm də qorxuya düşmüşdüm bir az. Bunları yazıb internetdən çıxdım. Telefonuma 50-60 zəng, bir o qədər də SMS gəldi. Heç birinə cavab vermədim. Kubada səfərdə olan anama zəng ediblər ki, bəs oğlun özünü öldürür, xəbərin var? Gördüm anam da zəng edir. Yenə telefona cavab vermədim ki, qoy bir az daha ciddiləşsin məsələ. Artıq onların və özümün xəyallarında kəndiri boğazıma keçirmiş olmalıydım. Bircə qalırdı ki, ayağımın altındakı oturacağı kimsə itələsin. Yox! Bunu mən özüm edə bilməzdim. (Bu yerdə müəllifin özünü də gülmək tutur, yanındakı üzümdən bir gilə atır ağzına və mahnını dəyişir, daha sərt bir şeylər qoyur ki, yazdığı hekayə maraqlı alınsın. Amma mən bu gici başa sala bilmirəm ki, üzüm yeyə-yeyə yazılan hekayə heç bir zaman maraqlı ola bilməz. Üzüm yeyə-yeyə ciddi sənət əsəri yaratmaq mümkün deyil).
Sonra o afro-amerikana bir SMS yazdım: “Mən ölməmişdən qabaq son dəfə sənin səsini eşitmək, danışmaq istəyirəm səninlə, zəng edirəm, lütfən telefonu aç”.Cavabında mənə nə yazdığını bilmək istəyirsinizsə hekayəmizi sona qədər oxuyun. Çünki onun cavabı bu hekayənin sonluğudur. Həm də bu hekayə elə o cavab üzərində qurulub.Məndən cəmi bir neçə yaş böyük, 3 kq ağır, 4 sm hündür olan bu hekayənin müəllifi elə yazı prosesində yeni bir şey kəşf edir. Kəşfini mənə də dedi. Mənimsə insanlardan gizlin heç nəyim olmadığına görə onu sizinlə bölüşürəm. Müəlifimin dediyinə görə Tanrıya inanmayan insanları 2 yerə bölmək olar. Birincilərin Tanrıya inanmamalarının kökündə mənfi faktorlar dayanır. Yəni onlar axirətin, cənnət-cəhhənnəmin olmadığını dərk edirlər və etdikləri pisliklərə görə cəza almayacaqlarını bilirlər. Yəni onlarda insan sevgisi yoxdur. Əslində onların Tanrını insandan üstün tutan dindarlardan mahiyyətcə heç bir fərqi yoxdur. İkincilərsə, birincilərin tam əksinə olaraq insanı, insan faktorunu önə çəkirlər, onlar üçün öncə insandır, onlar Tanrıya yox, insana inanırlar, onların ateist olmalarının səbəbi humanist olmalarıdır.
Ayyy… Bilirəm, mənim kimi sizin də başınız ağrıdı. İndi keçək afro-amerikanın yazdığı cavaba. Təsəvvür edin, özünüzü öldürürsünüz, həyatda son bir arzunuz var ki, sevdiyiniz qadınla telefonda danışasınız, amma onun sizə verdiyi cavab bu olur: “Qardaşım evdədir, T., danışa bilmərəm”.





.jpg)