gülər üçün uğursuz şeir

(Gülər, bu uğursuz intihar- həyatı daha şirin, ölümü daha kədərli etməliydi, amma sən ölümü adiləşdirirsən, bu təhlükəlidir)













səsin yenə kədərlidir, gülər
yenə intihardan dönmüsən
yenə ölməmisən, sağsan
yanaqların qırmızı
saçların ölüm rəngində
əllərin bu şəhərlik deyil
dayanmadan siqaret yandırırsan qarşımda
amma məncə
barmaqlarına bu siqaret yaraşmır

həyatı adam kimi sevə bilmirsən
ölə də bilmirsən adam kimi
ölsəydin daha uğurlu alınardı bu şeir
sən özün cəhənnəm
hər şey mənə hesablanıb deyəsən
mən sənin ölümünə hazır deyildim axı

gəl bir şəkil çəkdirək
yoldan ötənlərə söz ataq
sən qızsan, siqaret çəkmə
mən də saçlarımı yana darıyım
saqqalımı qırxım
adi olaq gülər
çox adi
sıradan adamlardan olaq...