niyə qafiyəyə meyillidir?

niyə qafiyələnməyə çalışır hər şey
niyə hər şey şərtlənməyə doğru addım atır
dünən sən gecikəndə
mən sənin şəkillərinə baxırdım
şəkillərin də özün qədər uzaqdır
oralar sənə yaddır
buralar mənə
burda məni
qara hicablı arvadlar
saqqallı qocalar qorxudur
qocalmış gənclik qorxdur
qaranlıq qorxudur burda məni
ehkamlarla kilidlənmiş beyinlər qorxudur
bu adamlar hər gün həyatıma girir
yuxuma girir, bezdirir burda hər şey məni
orda səni azad adamlar
orda səni şərqli olmağın qorxudur
orda səni mahiyyətin qorxudur
bir gün kökünə dönmək qorxusu var içində
qorx!
çünki
biz hələ də burda
seks sözündən utanırıq
biz hələ də mental qanunlarla yaşayırıq
qızlarımızı 14 yaşında ərə veririk
uşaqlarımızın oxumağa məktəbləri yoxdur hələ də
bizim hələ də işığımızı söndürürlər
qazımızı kəsirlər
biz hələ də möcüzə gözləyirik
seçki keçirdirik prezident seçirik
partiyalara üzv oluruq
mitinqlərdə döyülürük
biz hələ də rüşvət alırıq rüşvət veririk
qəzet oxumuruq
məğlub oluruq
bizim bir nömrəli problemimiz qarabağ
ikincisi bakirəlik məsələsidir
qarabağ dedim yadıma düşdü ki
minsk qrupunun həmsədrlərinə quzu ətindən kabab
tut arağı veririk hələ də
bizim aramızda bir günəş qədər fərq var, sevgilim
mənim günəşim batanda sənin günəşin doğulur
burda bizdə günəş heç vaxt doğulmur, həmişə batır...