H.Əliyev

Yuxarıda Heydər Əliyevdən gətirdiyim sitatın səhv olduğunu kim mənə sübut edə bilər? Əlbəttə ki, heç kim. Çünki adam dopdoğru demiş. Aşağıda haqqlarında danışacağım gənclər Azərbaycanımızın nəinki gələcəyi, hətta bu günüdür, buna şübhə etsəniz, şəkk gətirsəniz, hamınız kafir sayılmış olursunuz.
Bu gün Azərbaycanda 2500 gənc "İrəli" Ümumrespublika Gənclər Hərəkatının üzvüdür.
İlk baxışdan bu təşkilatın adı və ora üzv olanların sayı adamı həvəsləndirir. Fikirləşirsən ki, əgər 2500 nəfər igid, qəhrəman, qanacağı-qabiliyyəti öz yerində olan azəri gənci bu ölkəni irəli aparmaq üçün hansısa təşkilatda birləşibsə, ictimai fəaliyyətə atılıbsa, bu yaxşı göstəricidir. Hər şey əladır. Qarabağ problemini tezliklə həll etmək, Xəzərin statusunu müəyyənləşdirmək, Naxçıvanın bütün kəndlərinə qaz çəkmək mümkün olacaq. Amma nerdeeee? Apardığım xırda müşahidələrə əsasən, bu təşkilatda "birləşən" gəncləri məqsədlərinə görə təxminən belə qruplaşdırmaq olar:
1. Vaxt keçirmək, avaralanmaq üçün gələnlər;
2. Burada təşkil olunan pulsuz kurslara yazılmaq, treninqlərdə iştirak etmək, xarici ölkələrə getmək üçün gələnlər;
3. Təşkilatın nüfuzundan istifadə edib müxtəlif qrant layihələri həyata keçirmək üçün gələnlər. Çox istisna hallarda bu gənclərin arasında ciddidən-ciddiyə ideya, əqidə dalınca gələn, ictimai-siyasi fəaliyyətlə məşğul olmaq üçün bura üzv olanlara rast gəlirsən. Onların da ideyası təxminən bunun üzərində qurulub: "Zamanın tələbi, İlhamla İrəli".
"Alma"nın ötən saylarından birində Elnur Astanbəyli "İrəli" haqqında yazmışdı. Açığı yazıda razı olmadığım bir çox məqamlar vardı. Məsələn, Elnur yazmışdı ki, guya bu gənclər hamısı hakimiyyəti-zadı dəstəkləyirlər. Təki belə olaydı. Məsələn, biləydik ki, bu gəncin konkret ideologiyası var, yaxşı-pis nəyisə ciddi-ciddi dəstəkləyir, ideya uğrunda birləşiblər və s. Amma belə deyil axı. 2500 gənc arasında belələri 10-15 nəfər ola-olmaya.
Məncə, Azərbaycan gənci o zaman təşkilata üzv olmağa qərar verir ki, onun artıq avaralanmağa başqa yeri qalmır, məsələn, küçədə avaralanmaq, bütün günü qız dalınca düşmək daha onun üçün maraqsız olur. Onda başlayır hansısa bir təşkilata üzv olmağa və öz avaralıqlarını nəinki buralarda, hətta Azərbaycandan kənarda da davam etdirmək şansı qazanır. Bir neçə gün öncə bu tip gənclərdən bir neçəsi ilə oturub çay içirdik. Bunlar 10-15 gün əvvəl hansısa ölkədə keçirilən treyninqdən qayıtmışdılar. Orda 5-6 azərbaycanlı gənc (heç də hamısı irəliçi deyilmiş) bir otaqda qalıblar. Treninqdə iştirak etmək üçün ora gəlmiş bir polşalı gənci öz otaqlarına dəvət ediblər. "Bizimkilər" öz aləmlərində onunla məzələnmək istəyiblər. Başlayıblar polşalının anasını, bacısını söyməyə, o da azərbaycanca bilmədiyi üçün heç nə anlamayıb təbii ki. Və gülümsəyib. Axırda azərbaycanlılardan biri hətta öz cinsi orqanını açıb ona göstərib. Və bizim Koroğlu, Babək nəvəsi olan igid gənclər bütün bunları öz mobil telefonlarına çəkiblər ki, gətirib burda bizə öz qəhrəmanlıqlarını göstərsinlər. Bax belə. Artıq bu yerdə özünüz Şərq-Qərb dəyərləri, sivilizasiyaların toqquşması, İslam, Xristianlıq barədə fikirləşə bilərsiniz. Vaxtımız çoxdur.
İrəliçilər həmişə gənclərə ingilis dili, komputeri pulsuz öyrətdiklərini fəxrlə deyir, bunu bizim qabağımıza eşşək boyda bir arqument kimi qoyurlar. Bizim ucdantutma dindar olan qəhrəmanlarımızın ingilis dilini öyrənməyi bu cəmiyyətin hansı yarasına dərman olur ki? Onlar ən uzağı ingilis dilini ona görə öyrənirlər ki, gedib xarici ölkələrdə bizi daha mədəni şəkildə biabır etsinlər, avropalının anasını azərbaycanca yox, ingiliscə söysünlər.
Sözümüzü konkretləşdirək: 2500 gəncin bu hakimiyyəti dəstəklədiyi, onlara yaltaqlıq etdiyi barədə deyilənləri eşidib özünüzü təşvişə salmayın. Bu ağ yalandır. Bu yazını bir də oxuyun, bütün ali həqiqətlərdən agah olacaqsınız.