bu gün darıxdım bir az

bu gün darıxdım bir az
darıxmaq istədiyim üçün darıxdım
durub bir siqaret yandırdım
bir az dahiyanə görsənmək üçün...
insanların qocalığı və doğulmağı
əzablı mənzərədir
insanın dərk etməsi əzablı mənzəridi
dərk etməməsi də...
mən azad insanam
azadlıq xoşbəxtlik deyil
xoşbəxtlik azadlıqdır

bu gün darıxdım bir az
durub bir siqaret yandırdım
ən mənasız şeirimi yazdım
ən mənasız qadınımı aradım
sms yazdım ən uzaq dostlara

bu gün darıxdım bir az
darıxmaq
özü də bilmədən
insanın tanrıya etirazıdır bəlkə də
insan bir az havadan bir az sudan bir az darıxmaqdan ibarətdir

darıxdım bir az bu gün
yerlərini dəyişdirdim sözlərin
durub bir siqaret yandırdım
dahilik vaxtı deyil anladım
qəhrəmanlıq vaxtı deyil
sevgi vaxtı deyil

bu gün darıxdım bir az
durmadan bir siqaret yandırdım
yerimdəcə saydım
göydəki ulduzlar
ulduzlar