| |||||||||||||||||||||||||||||||||||||||||
elmin həsənli`nin blogu
bir zamanlar bloggerdim, xəbərim yoxdu
7 Kasım 2011 Pazartesi
Reminder about your invitation from Elmin Hesenli
31 Ekim 2011 Pazartesi
Reminder about your invitation from Elmin Hesenli
| |||||||||||||||||||||||||||||||||||||||||
24 Ekim 2011 Pazartesi
Приглашение подключиться к LinkedIn
| |||||||||||||||||||||||||||||||||||||||||
20 Eylül 2011 Salı
Kefli İsgəndərin monoloqu

Baxın! Baxın! Yaxşı baxın! Diqqәtnәn baxın! Sizin tarixlәrinizin kitabında bu, qan ilә yazılmış bir sәhifәdir. Sizdәn sonra gәlәnlәr bu kitabı vәrәqlәyib, bu sәhifәni görәndә sizi yada salıb deyәcәk: (ucadan) tuf sizin üzünüzә! "Tüpürür camaata tәrәf". Hamı başını aşağı salıb dinmir). Bağışlayın, kefli İskәndәr bir az biәdәblik elәyir. Amma indi dә növbәt mәnimdir. Mәn demirәm ki, siz niyә bu balaca uşaqları (qızları göstәrir) zornan gәtirib qatdız bu fahişәxanaya. Söz yox, siz bunlara deyәndә ki, sәni verirәm bu şeyxә, bu biçarәlәr çığırıb bağırırdılar vә sizin çirkli ayaqlarınızı öpә-öpә yalvarırdılar: "Ata, aman günüdür, mәni anamdan ayırma!" (Üzünü qızlara tutub). Elәdirmi? Doğrumu deyirәm?
Qızlar ağlaya-ağlaya baş yendirirlәr.
Yox, mәn ondan ötrü incimirәm. Çünki siz qızlarınızı bura çәkә-çәkә elә xәyal edirdiniz ki, bunları behiştә çәkirsiniz vә İsfahan şeyxlәri sizi inandırmışdılar ki, hәr kәs bu mübarәk otağa qәdәm qoysa, ölәndәn sonra qiyamәtәdәk qәbrin dәriçәsindәn mәlakәlәrlә söhbәt edәcәk. Amma zәmani ki, ricәt mәsәlәsi ortalığa qoyuldu vә Şeyx Nәsrullah ölülәrin dirilmәk ixtiyarını qoydu sizin qabağınıza, siz, dәriçәdәn mәlakә axtaranlar, ölәn qardaşlarınızın, bacılarınızın vә övrәt-uşaqlarınızın dirilmәyinә razı olmadınız. Niyә razı olmadınız? Ondan ötrü ki, arvadlarınızın hamısını yumruq altında öldürmüşsünüz; ölәn qardaşlarınızın arvadını almısınız, ölәn dostlarınızın yetimlәrinin malını yemisiniz. Razı olmadınız ki, dirilib gәlsinlәr vә sizin әmәllәrinizi görüb desinlәr: "Tuf sizin üzünüzә!" (Bәrk tüpürür).
Camaat hamısı başını salır aşağı.
Bu sözlәri sizә demәkdә elә xәyal elәmәyin ki, mәn sizi pislәyib, özümü tәrif etmәk istәyirәm. Yox, yox! Bunu bilirәm ki, mәn heç bir şeyәm. Mәn çöllәrin otuyam, küçәlәrin torpağıyam, dağların daşıyam, kolların kosuyam, ağacların qurduyam. Mәn dünyada heç bir şeyәm. Әgәr mәn bir şey olsaydım, cibimdәn bir bomba çıxarıb (әlini uzadıb cibindәn araq şüşәsini çıxardır) bu evi bir saniyәnin içindә havaya dağıdıb, İsfahan lotusunu kәrpiclәrin altında diri-diri dәfn edәrdim. Amma qorxmayın, mәnim әlimdәn elә şeylәr gәlmәz. Bu araq şüşәsidir vә Şeyx Nәsrullah burada gecәlәr bu balaca uşaqları boğanda, mәn bu şüşәdәn araq içәrdim.
Qızlar başlayırlar ağlamağa.
Yox, yox, o mәnim işim deyil. O, igid işidir. Siz tәk camaatın da igidi mәnim tәk olar. Hәlә mәn heç. İndi görәk siz kimsiniz? Mәnim adım kefli İskәndәrdir; bә sizin adınızı nә qoyaq? Mәn dağları, daşları, quşları, fәlәklәri, ayları, ulduzları vә dünya-alәmlәri bura şahid çәkәrәm vә bu qızları onlara nişan verәrәm, soruşaram ki, bu camaata nә ad qoymaq olar? O vәdә hamısı bir sәslә cavab verәr: "Ölülәr". Mәn cәmi millәtlәri bura yığıb tәvәqqe edәrәm ki, Şeyx Nәsrullahın hәrәmxanasına tamaşa elәsinlәr; o vәdә bütün yer üzünün tayfaları sizi bir sәslә adlandırarlar: "Ölülәr!" Vә bizdәn sonra gәlәnlәr illәr uzunu sizi yada salıb bir sәslә deyәcәklәr. "Ölülәr"....
Musiqi.
Dәxi bәsdi. Di gәlin qızlarınızı aparın analarının yanına. (Yapışır qızın birinin әlindәn). Bu kimin qızıdır?
Camaat içindәn bir kişi yeriyir qabağa.
Sәnin qızındı? Di gәl apar.
Kişi gәlib, yapışır qızının әlindәn.
İskәndәr (o biri qızın әlindәn yapışıb, yenә soruşur). Bu kimin qızıdır?
Yenә bir kişi gәlib yapışır qızın әlindәn vә aparır. Bu minvalla üçüncü vә dördüncü qızı İskәndәr yola salır. Qızlar başlarını aşağı salıb, alçaqdan ağlaya-ağlaya musiqinin sәsilә çıxıb gedirlәr. Camaat da başını aşağı salıb, mәyus durur. Axırıncı qız yola düşәndә İskәndәr araq şüşәsini çәkir başına vә boş şüşәni vurur yerә. Yavaş-yavaş pәrdә yenir vә musiqi çalır.
Axırı.
12 iyun 1909. Tiflis.
(Cəlil Məmmədquluzadə "Ölülər")
15 Eylül 2011 Perşembe
Jelelilər

Dərslər başladı. Çoxları üçün yeni avaraçılıq mövsümünə start verildi. İndi saçlarına jele vurmuş, qara dar köynəklər, ucu miz ayaqqabılar geyinmiş oğlanlar, evdə qalmaq fobiyası ilə yaşayan qızlar mövsümün açılışına çox sevinirlər.
***
Qaqaşlar bir qırx vərəqli dəftəri qarınlarına soxub hər gün tezdən metroya, avtobusa təpiləcək, şit-şit zarafatlar edib universitetlərə doluşacaqlar.
Rayonlardan, kəndlərdən Bakıya birinci dəfə gələn uşaqlar həyəcan içindədilər. Şəhərin bahalı maşınları, hündür binaları, gözəl qızları onları qorxuya salıb bir az. Ancaq bir neçə ayın içində onlar da bu mühitin içinə qarışıb gedəcəklər. Onlarda da saflıq qalmayacaq. Onlar da dəftərlərini qarınlarına soxacaqlar, çayxanaları dolduracaqlar, qızlara söz atacaqlar, mühazirələrdə yatacaqlar.
***
Dərslər başladı. İki ay bundan öncə TQDK-nın statistikalarını unutmamışıq. Balı 300-ü keçməyən uşaqlardan nə gözləmək olar? Utanmadan özlərinə tələbə deyəcəklər. Hansısa mənasız universitetin adını elə fəxarətlə deyəcək ki, elə bil Harvardda oxuyurlar.
Yaxşı yadımdadı. Politologiyada oxuyanda bəzi tələbə yoldaşlarım “politologiya”nın nə demək olduğunu bilmirdilər. Sadəcə təsadüfən gəlib düşmüşdülər bura. (İndi onların əksəriyyəti nazirliklərdə, dövlət işlərində işləyir. Yüz faiz əminəm ki, indi də bu sözün mənasın bilmirlər).
Bir əsr bundan əvvəl, yazıb oxumağı bacarmayan azərbaycanlılara savad vermək istəyən ziyalılar kimi hər gün qəzet alıb aparırdım ki, oxusunlar bu adamlar.
***
Bu gün Azərbaycan universitetlərində incəsənətə, jurnalistikaya, hüquqa, politologiyaya, mühəndisliyə dəxli olmayan nə qədər tələbə var.
Sabah onlar bizim üçün mütəxəsis olacaqlar.
Orta məktəbdə ən sonuncu şagird olub, birtəhər bütün tayfanın köməyi ilə, məsələn, jurnalistikaya təsadüfən gəlib düşmüş adamın, sonra reketçiliklə məşğul olmasında təəccüblü heç nə yoxdur. Məntiqi sonluqdur bu.
Amma nədənsə həmişə ən bahalı maşınlar, ən bahalı evlər, ən bahalı həyatlar məhz belələrinə qismət olur.
***
Dərslər başladı. Avtobusa, metroya minmək çətinləşəcək. Avtobusda sakitcə oturub işə, evə getdiyin yerdə bir qrup avara, tərbiyəsiz düşük zarafatları adamı bezdirəcəklər.
Darıxdırıcı keçən mühazirələrdə vaxtı aparmaq üçün bəziləri yatacaq, bəziləri bir-birlərinin telefonuna Üzeyirin təzə mahnılarını, yeni çıxmış porno videoları göndərəcəklər.
Bir neçə aydan sonra imtahanlar başlayacaq. Və pul verib qiymət alacaqlar.
Sonra yeni eyni sujet.
Dörd il belə keçəcək…
***
İndi gəl bu adamlara kitab oxutdur.
Mədəniyyət öyrət.
İndi gəl bu adamlarla normal cəmiyyət qur.
http://www.kulis.az/news.php?id=1898
11 Eylül 2011 Pazar
Velosipedli oğlan

Şəhərin mərkəzində bir velosipedli oğlan gördüm. Velosipedə maqnitafon qoşmuşdu.
"Sallana sallana sallana gedirəm..." meyxanasını qoşmuşdu.
Əynində də "sportivni" var idi.
Özü üçün fırlanırdı. Hamının gözün bu oğlandaydı.
Hər kəsin diqqətini cəlb edə bilmişdi- qeyri adi geyimi ilə, saç düzümü ilə, fərqli yerişi ilə və s. zadlarla marjinal görsənib diqqəti cəlb edənlər kimi.
Əsas məsələ diqqət mərkəzində olmaqdırsa, bu oğlan onu bacarırdı.
Sadaladıqlarıma münasibətiniz necədirsə, bu adama da elə olmalıdır.
Siz özünüzü tolerant sayırsınızsa...
Qeyri-adi geyinən, qeyri-adi yeriyən, fərqli saç düzümü olanları qəbul edirsinizsə...
Fərqli cinsi orientasiyaası olanlara dözümlü yanaşırısınızsa...
Onda bu tipləri niyə qəbul etmiyək ki?
Üzeyiri, meyxana dinləyənləri niyə qəbul etməyək ki?
Nifrət etdiyim şablon cümlələr

11 sentyabr hadisəsin Amerika törədib. Bin Laden ölməyib, hamısı Amerikanın oyunudur.
Gəlin qonaq olun. Gəlin yemək yeyin.
Nə qulluq edim?
Qəzet oxumuram, çünki yalan yazırlar.
Azərbaycanda müxalifət yoxdur.
Qarabağı ancaq müharibə yolu ilə qaytarmaq olar.
Azərbaycan kanallarına baxmıram.
Hardasan?
Telefonda əsas zəng getsin, zəng gəlsin.
Nə deyə bilərsən ki?
Mən də ondan ötrü ölmürəm. (və ya O da səndən ötrü ölmür)
Elə bizim xalqın problem bundadır ki...
Çörək müqəddəsdir.
İndi sevgi yoxdur.
İndiki qızlara (oğlanlara) etibar yoxdur.
Hamınız eynisiniz (qızlar oğlanlara deyir)
və s.
Pulsuz jurnal
Dəyərli dostlar,
Sizi Kulis.az dərgisinin Facebookdakı səhifəsini bəyənməklə dərgidə hər gün dərc olunan maraqlı ədəbiyyat, kino, musiqi, köşə və digər yazıları oxumağa dəvət edirik.
Kulis.az Facebookda: http://www.facebook.com/pages/Kulisaz/177856385592294
5 Eylül 2011 Pazartesi
Mənim ruhumu öpən qadına
Sən barmaqlarınla mənim ruhuma toxuna bilərsənmi?
Öpə bilərsənmi ruhumu?
Dişləyə bilərsənmi?
Qucaqlaya bilərsənmi?...
Bilərsən...
Sən həmişə ruhuma toxundun zatən...
Dodaqlarımı yox, ruhumu öpdün...
Ruhumu qucaqladın...
Sevgi ruh işidir. Fiziki tərəflərinin olduğunu da danmıram, təbii ki...
“Sevgi içimizdə...”... Amma həm də çölümüzdə.
***
3 il öncəydi. Dünya gözümdə bir başqaydı. Daha çox romantikdim, daha çox həyəcanlıydım.
Sən qarşıma çıxdın, gözəlim. Və Tanrıya inanmadığım o vaxtlarda içimdə ona bir təşəkkür etdim. Səni mənə göndərdiyinə görə...
Uşaq kimi qaçırdım sənin dalınca...
O dərsdən bu dərsə, bu dərsdən o dərsə...
Qış idi tanış olanda...
İlk öpüşdüyümüz gün də yadımızda...
Qarda gəzişmələrimiz...
Qabağımıza çıxan hər “blok”dan yan keçəməyimiz...
Sənin özünü mənə göstərmək üçün siqaret çəkməyin, pivə içməyin...
Mənim özümü göstərməyim üçün nələr-nələr etməyim...
***
Yüz illərdi sevgi haqqında nə qədər romanlar, şeirlər, musiqilər yazılıb.
Nə qədər ayrılıqlar yaşanıb, nə qədər sevişmələr...
Hər şey dəyişib. Kommunikasiya vasitələri, formaları dəyişib.
Amma dünya sevgidən yorulmayıb. Sevgi dəyişməyib.
Dünya bütün nifrətləri dəf edəcək qədər, bütün sevgiləri özündə toplayacaq qədər böyükdür...
Nə qədər klassik görsənirsə görsənsin: dünyanı sevgi xilas edəcək!
***
Bakıda bir bağ var. Zabitlər bağıdır adı. Çoxları tanımır oranı. Balaca bir bağdır. Tanıyanlar üçün də yəqin o qədər ciddi bir məna əks etdirmir...
Ora bizim xatirələrimizin bağıdır. Amma oranı iki ildir ki, hasarlayıblar. Xatirələrimizi hasarlayıblar, sanki. Mən hər dəfə ordan keçəndə ürəyim ağrıyır.
Amma indi xatirələrdən danışmaq bizə yaraşmaz. Xatirələrdən qocalar danışır, sevgilim. Baxmayaraq ki, sürətlə qocalmağım məni narahat edir. Çox tez mühafizəkarlaşıram. Lap qoca adamlar kimi. Amma yenə də xatirələrdən danışmaq istəmirəm...
Amma bilirsən, sevgilim, mən gələcəkdən də danışmağı xoşlamıram. Mənimki indiylədir. Burada və indi. Məncə sevgi indi üçün ləzzətli olmalıdır... Mənim üçün gələcək maraqsızdır. Keçmiş kimi.
***
İnsanlar bəzən orijinal görsənmək üçün romantika nifrət etdiklərin göstərirlər. Mən belə adamlara nifrət edirəm. Çünki onların orijinal görsənmək problemi var...
Azərbaycanda hər ideya urvatdan salındığı kimi “Səni sevirəm” sözü də, sevmək də gözdən salınıb.
“Ciddisən, ya fırlatdığındır” sözünü bu millət kəşf etməyibmi?
***
3 ildir ki, birlikdəyik... Çox ayrılıqlar yaşadıq. Və qırğınlarımız oldu. Və bütün bunları unutduracaq nə qədər gözəl günlərimiz.
Hər şeyə rəğmən yenə birlikdəyik...
Yenə hər gecə yatanda “gecən xeyrə” mesajı yazmalıyıq...
Yenə hər səhər bir-birimizə sabahın xeyir deməliyik...
Kartofla qızartmasıyla mayonezi mən də sənin qədər sevirəm...
Teomanı da, Nil Karaibrahimgili də bir sevirik...
Təbrik edirəm sevgilim...
Nə gözəl 3 il...
Bu yazı hədiyəsinin sonuna Can Yüceldən bir şeir də qoşuram:
Bunca zaman bana anlatmaya çalıştığını, kendimi bulduğumda anladım.
Herkesin mutlu olmak için başka bir yolu varmış,
Kendi yolumu çizdiğimde anladım..
Bir tek yaşanarak öğrenilirmiş hayat, okuyarak, dinleyerek değil..
Bildiklerini bana neden anlatmadığını, anladım..
Yüreğinde aşk olmadan geçen her gün kayıpmış,
Aşk peşinden neden yalınayak koştuğunu anladım..
Acı doruğa ulaştığında gözyaşı gelmezmiş gözlerden,
Neden hiç ağlamadığını anladım..
Ağlayanı güldürebilmek, ağlayanla ağlamaktan daha değerliymiş,
Gözyaşımı kahkahaya çevirdiğinde anladım..
Bir insanı herhangi biri kırabilir, ama bir tek en çok sevdiği, acıtabilirmiş,
Çok acıttığında anladım..
Fakat hak edermiş sevilen onun için dökülen her damla gözyaşını,
Gözyaşlarıyla birlikte sevinçler terk ettiğinde anladım..
Yalan söylememek değil, gerçeği gizlememekmiş marifet,
Yüreğini elime koyduğunda anladım..
''Sana ihtiyacım var, gel! '' diyebilmekmiş güçlü olmak,
Sana ''git'' dediğimde anladım..
Biri sana ''git'' dediğinde, ''kalmak istiyorum'' diyebilmekmiş sevmek,
Git dediklerinde gittiğimde anladım..
Sana sevgim şımarık bir çocukmuş, her düştüğünde zırıl zırıl ağlayan,
Büyüyüp bana sımsıkı sarıldığında anladım..
Özür dilemek değil, ''affet beni'' diye haykırmak istemekmiş pişman
olmak, Gerçekten pişman olduğumda anladım..
Ve gurur, kaybedenlerin, acizlerin maskesiymiş,
Sevgi dolu yüreklerin gururu olmazmış,
Yüreğimde sevgi bulduğumda anladım..
Ölürcesine isteyen, beklemez, sadece umut edermiş bir gün affedilmeyi,
Beni af etmeni ölürcesine istediğimde anladım..
Sevgi emekmiş,
Emek ise vazgeçmeyecek kadar, ama özgür bırakacak kadar sevmekmiş..
31 Ağustos 2011 Çarşamba
İnəklər
28 Ağustos 2011 Pazar
Yekəpər, qırmızı yanaq kişi
Ötən ilin məhz bu günlər idi.
"Azadlıq" qəzetində işləyirdim. Yorucu siyasi tədbirlər, isti havalar, şəxsi problemlərin ardında həftəsonu İsmayıllıya və Göyçaya getmək təklifi lap göydəndüşmə oldu.
Təklif Ramin Dekodan gəldi. Bizim birlikdə "Yeni Müsavat" qəzetinin əməkdaşı Emil Salamoğlu da gedəcəkdi. Amma biz istirahətə yox, iş dalınca gedirdik.
Adını birinci dəfə Ramindən eşitdiyim hüquq müdafiəçisi Vidadi İsgəndərli jurnalistləri Göyçaya çağırmışdı ki, sakinlərin hansısa problemini işıqlandıraq.
Jurnalistlər bilir ki, belə səfərlər bizim üçün həm də istirahətdir.
Şənbə günü işdən çıxıb taksiylə İsmayıllıya getdik. Bizi yekəpər, yanaqları qırmızı, keçəl bir kişi qarşıladı.
Öyrəndim ki, Vidadi İsgəndərli dedikləri adam budur. Vidadidən enerji fışqırırdı.
İsmayıllının ortasında taksinin pulunu verib bizi başqa bir maşına otuzdurdu. Vidadinin tanışlarından birinin evinə getdik...
Gecə saat 12-də bizim üçün yüngülvari kabab süfrəsi açıldı. Vidadi hardansa bir rus arağı da təşkil etdi. Gecə, sərin hava, rayondan bir az kənarda yaxşıca vurduq.
Vidadi min dənə mövzudan danışdı. Göyçaylılardan, onlara necə kömək etməsindən, ona olan təqiblərdən, Elçibəylə bağlı xatirələrdən.
Yaxşı yedik içdik.
(Həmin gecə Facebookda yazdığım statusu bu gün gördüm: "Cənnətdə")
Vidadinin xorultusundan gecə yatmaq olmurdu. Səhər dalımızca başqa bir maşın gəldi. Dördümüz birlikdə rayona düşdük. Rayonda Vidadinin başqa bir tanışının evində səhər yeməyi yedik.
Vidadi elə durmadan danışırdı. Raminlə Emilə yazacaqlarını mövzunu izah edirdi. Bunlar mənim vecimə deyildi. Mən sadəcə istirahət etməyə gəlmişdim.
Səhər yeməyindən sonra Göyçaya getdik. Göyçaya çatanda artıq nahar vaxtı idi. Bu dəfə başqa bir maşınla gedirdik. Vidadi yoldan ət aldı.
Göyçayda rayondan bir az kənarda çayın qırağındakı kafedə dayandıq. Vidadi əti verdi ki, kabab bişirsinlər. Bu dəfə araq yox pivə içdik.
Yeyib içəndən sonra Vidadi soyunub çaya tullandı. Bizi də çağırdı ki, çimək. Amma tərəddüd edirdik. Əvvəlcə Ramin, sonra mən suya tullandıq.
Vidadinin enerjisi bitmək bilmirdi. Sudan çıxandan sonra bir az da oturduq. Elə hey danışırdı. Günortadan sonra bizi başqa bir maşına mindirib aksiya gözlənilən yerə göndərdi. Gedib orda 2-3 saat gözlədik. Ancaq aksiya olmadı.
Qayıtdıq Bakıya.
Sonra eşitdim ki, Vidadi İsgəndərli parlament seçkilərində namizədliyini irəli sürüb.
Onu bir də seçkidən sonra RATİ-nin ofisində gördüm. Göyçaydakı köhnə namizədləri yığmışdı başına mətbuat konfransı keçirirdi.
Deyirdi məntəqədən saxlataşdırılmış bülletenləri götürdüyünə görə ona cinayət işi açılıb.
Sonra Vidadi İsgəndərlininin adını bu ilin 17 aprelində eşitdim.
Sonuncu dəfə onun adını eşidəndə öyrəndim ki, artıq 3 il həbs cəzası verilib...
22 Ağustos 2011 Pazartesi
Elmin beye sevgilerle, Elçibey
2000-ci ilin 22 avqustunda kənddə əmimin nəvələrinin kiçik toyu idi. Toyun qızğın yerində xəbər gəldi: Əbülfəz Elçibəy rəhmətə gedib. Toyu dərhal dayandırdılar.
Həmin vaxtı atamın gözlərinə baxmaq istəmirdim. Atamı ağlayan görmək sadəcə əzab idi...
Elçibəy atam üçün hər şey demək idi.
Atam ömrünün ən yaxşı illərini bu savaşa həsr etmiş adamdır.
Elçibəy Bakıya qayıtdıqdan sonra atama demişdi: "Get uşaqlarını dolandır"
Sonra da zarafatla əlavə etmişdi: "Arada bir məni də tərifləyərsən"...
Mən gözümü Elçibəyçi bir ailədə açmışdım. "Elçibəy və Heydər Əliyev" polemikalarının içindıə böyümüşdüm.
Atamın Elçibəyə olan sevgisi çox böyük idi. Bu Vətənə olan sevgi idi. Onun üçün Elçibəy demək Vətən demək idi.
Atam məni uşaqkən Kələkiyə Elçibəylə görüşməyə aparmışdı. O gürüşdən bir-iki fraqment yadımda qalıb. Həyətdə oturmuşduq. Birdən Elçibəy evdən çıxıb həyətə gəldi. Hamı ayağa qalxdı. Onun oturacığının üstünə çoxlu döşək qoymuşdular. O döşəklər yadımda qalıb. Bilmirəm niyə. Sonra içəriyə keçmişdik. Atam məni bəyə təqdim etmişdi. Bəy Atatürkün rəsminin arxasını imzalamışdı: "Elmin beye sevgilerle, Elçibey"...
Atamdan Atatürkün kim olduğunu soruşmuşdum. Atam demişdi ki, Atatürk erməniləin qulağını kəsən adamdır.
Sonra Elçibəy öldü...
Atam bizi dolandırmağa gəldi...
Və heç vaxt onu tərifləmədi...
Bu kədəri içində saxladı.
10 Temmuz 2011 Pazar
Yad

Kamyunun “Yad”ını oxudum...
Zeki Demirkubuzun “Yazgı”sınıdakı sonundakı o möhtəşəm dialoqu yenidən izlədim...
Və mən bir daha bu qərara gəldim...
1) İnsan həyatı anlamsızdır
2) Ölüm qorsuxundan başqa heç nə onu xilas edə bilməz.
3) Biz elə bir labirintin içindəyik ki, çıxmağa yol yoxdur.
4) Mübarizə aprmağın heç bir mənası yoxdur. Mübarizə sadəcə cəhddir.
Həyat absurddur.
Mən də dünyaya və insanlara yadlaşmış biriyəm...
Bu faciəni mən də yaşayıram...
29 Haziran 2011 Çarşamba
Siyasi qeydlər

Çoxdandır bu yazını yazmaq istəyirdim. Ancaq bir çox səbəblər vardı. Yaza bilmirdim. Həm vaxt çatışmamazlığı... Həm də digər.
Ancaq indi yazmağa cəhd edəcəm.
Demokratiyaya hazırıqmı?
Azərbaycanda müxalifəti tənqid etməkdən asan heç nə yoxdur. Amma etiraf edək ki, iqtidarı tənqid etmək də elə də çətin məsələ deyil. Təbii ki, ikinci üçün müəyyən sərhədlər var. Birincini tənqid etmək istəyənlər isə bur sərhədləri gözləmirlər. Çünki birincinin əlində güc, ordu, polis, pul yoxdur. Əslində normaldır.
Axı burda təəccüblü nə var ki? Bir halda ki, biz Azərbaycandakı mövcud siyasi rejimi avtoritaj rejim adlandırırıq... O zaman bütün resursların məhz onun əlində olması məntiqə uyğundur.
Eləcə də ölkə boyu dövlət başçısının atasının heykəllərinin olması, hər yerə onun adının verilməsinə də təəccüblənmək gülüncdür. Həmçinin seçkilərin saxtalaşdırılmasını da normal qəbul etmək lazımdır.
Diqqəli olun. Siz köklü demokratiyanın olduğu bir məmləkətdə yaşamırsınız. Bu ölkədə demokratiyanın olsa-olsa 2-3 illik ənənəsi var. Azərbaycan iqtidarının pis niyyətlə istifadə etməkdən zövq aldığı "Azərbaycan xalqı demokratiyaya hazır deyil" ifadəsi əslində tamamilə doğrudur.
Amma bir şey də var. Siz bu xalqa demokratiyanı haçan daddırdınız ki, hazır olmadığını biləsiniz. Hakimiyyətdə olanlar da bu xalqın bir parçasıdır. Deməli doğurdan da bu xalq demokratiyaya hazır deyil. Hazır olsaydı, gücün başında olanlar demokratiyanı boğmazdılar.
Eləcə də Azərbaycan müxalifətini təmsil edənlər bu xalqın bir parçasıdır. Bəs onlar necə? Onlar demokratiyaya hazırdırlarmı? Nəzəri cəhətdən hazırdılar deyə bilərik. Amma praktik cəhətdən bunu yoxlamaq mümkün deyil. Bəlkə də mümkündür. Partiyaların öz daxilində demokratik prinsiplərə əməl olunurmu? Məsələn, düşünə bilərik. Niyə İsa Qəmbər 19 ildir Müsavat partiyasının başqanıdır? Halbuki, Əliyevlərin hakimiyyət müddəti 18 ildir.
Bu müqayisə bəlkə də yalnışdır. Yanıla bilərəm mən. Məqsəd müxalifət partiyalarını tənqid etmək, aşağılamaq deyil. Sadəcə doğurdan da demokratiyaya hazır olmadığımız düşünürəm. Təfəkkür o təfəkkür deyil.
Yalnış yalnış dalınca
Bu il əvvəlində ərəb ölkələrində inqilab başlayanda bizdə bir ruhlanma oldu. Özümüzü ərəb ölkələri ilə müqayisə edəndə siyasi vəziyyətin çox fərqli olmadığını görürdük. Ərəbləri necə idarə edirdilərsə, bizi də burda elə idarə edirdilər.
“Ərəb dominosu” deyilən bir anlayış çıxdı ortaya. Hamı deyirdi ki, bütün ərəb ölkələrində inqilab olub bitən kimi növbə bizə də gəlib çatacaq. Yəni “ərəb dominosu” Azərbaycandakı siyasi rejimi də yıxacaq. Ancaq heç kimin ağlına bu gəlmirdi ki, bu sualı özünə versin: ərəblərdən bizə nə?
Biz ərəbmiyik? Etnik olaraq eyni dindənik. Amma Azərbaycanda heç İslam ölkəsi də deyil. Dünyəvi ölkədir və əhalisinin böyük əksəriyyəti heç aktiv olaraq ibadətlə də məşğul olmur.
Biz ərəb ölkəsi deyiliksə, bu domino bizə niyə təsir etməliydi?
Doğrudur ölkədə nisətən canlanma hiss olunurdu. Avtobusda, taksidə, çayxanalarda inqilab sözü tez-tez işlənməyə başlamışdı.
Bu zaman müxalifətin yeni və növbəti birliklərindən biri olan İctimai Palata təsis olundu. Müxalifət düşərgədə də özünə inam güclənməyə başladı. Hətta bu özünü qəzet satışlarında da göstərirdi. İnsanlar ölkədə baş verən proseslərlə maraqlanmağa başlamışdı.
Lakin nə baş verdi?
Birdən birə ortaya “11 mart” söhbəti çıxdı. Facebook-da “11 mart” məsələsini oxuyan gecə çox gülmüşdüm. İnanın. Tam ciddi deyirəm. Hətta istəyirdim bu məsələylə bir xeyli mırtlaşım. Nəyə gülməyim tuturdu? Bir neçə gəcn sosial şəbəkədən insanları küçəyə çıxmağa və etiraz etməyə dəvət edirdi.
Pafosun biri bir qəpik idi. Ancaq buna görə gülmürdüm. Həmin bir qrup gənclər kimlərdən ibarət idi? Bəxtiyar Hacıyevdən başqa hamısı xaricdə idilər. Səhərisi gün kim çıxrırdısa qabağıma bunu danışıb gülürdük.
Amma gün keçdikcə məsələ ciddiləşirdi. Artıq minlərlə adam buna dəstək verirdi.
Məsələnin ciddiləşdiyini görəndə Bəxtiyarın halına acıdım. Sonradan bu “event”ə təşkilatçı kimi qoşulan iki dostumdan birinin birtəhər başın bişirdim ki, ordan çıxsın. Digəri isə özü çıxmışdı. Ancaq Bəxtiyarla yaxın olmadığımıza görə bunu ona deyə bilmədim.
Yüz faiz həbs olunacağından əmin idim. Və martın 4-də Bəxtiyar gözlədiyim kimi tamamilə başqa bir ittihamla həbs olundu. Halbuki, indi o 1 illik hərbi xidmətə gedər və qayıdıb daha xeyirli işlərlə məşğul ola bilərdi.
Ancaq hər kəsin şəxsi seçimi var. Hər kəs özünə görə cavabdehdir.
11 mart söhbəti isə getdikcə şişirdi. Hakimiyyət bütün günü televiziyalarda 11 martın anti təbliğatını aparırdı. Bu mənə çox şübhəli görünürdü. Çünki hakimiyyətin texnoloqları uşaq deyil. Onlar başa düşürdülər ki, 11 mart tamamilə qeyri-ciddi məsələdir.
Əslində heç nə olmayacaq. Bəs 11 martı şişirtməkdə məqsəd nə idi?
Öncə müxalifəti cəmiyyətin gözündə bir az böyütmək. Sonra isə 11 mart günü heç nə baş verməyədən sonra müxalifəti cəmiyyəti gözündə yerlə yeksan etmək... Bəli, buna nail oldular. Ortalıqda bir şey olmaya-olmaya 11 martdan ciddi gözləntiləri olan xalq heç nə olmayınca müxalifət haqda yenidən ağzına gələni danışmağa, ağlına gələni düşünməyə başladı...
Üstəgəl hakimiyyət bu hadisədən istifadə edərək həm Facebook-a qarşı fiziki hücuma keçdi. Həm də cəmiyyətdə bunun da anti-təbliğatını apardı.
Ərəb inqilablarının verdiyi enerji 11 martda xərcləndi. Bununla da hər şey bitdi. 12 martda Müsavatın aksiyası oldu.
Nisbətən maraqlıydı. 2 aprelə ciddi hazırlıqlar getdi. Minlərlə insanın meydana çıxacağı gözlənilirdi. Müxalif düşərgədə ciddi inam var idi. Lakin artıq hər şey 11 martda həll olunmuşdu. Doğrdurur 2 aprel mitinqi son illərin nisbətən ən ciddi mitinqi idi. Lakin ortalıqda 500-600-dən artıq adam yox idi.
2 aprel hakimiyyətin əlinə növbəti fürsət verdi: cinayət işləri. Mitinqdə tutulanlara cinayət işi açmaqla, zatən qorxu və inamsızılıq içində boğulub batan insanları daha da dərinliklərə sürüklədilər...
Yalnış qərarlar bir-birinin ardınca davam etdi...
17 aprel və 19 iyun...
Azərbaycan müxalifəti qapılarını açdı iqtidarın üzünə. “Gəl- dedi- gəl məni bitir, 2013-ə sağ çıxmayım”...
Kimdir günahkar?
Yenə təkrar edirəm. Əgər biz hakimiyyəti avtoritar adlandırırıqsa o zaman bütün bunlara görə hakimiyyətdə günah axtarmaq axmaqlıqdır.
Savadsız və idarə edilməyi gözləyən kütlədə isə nöqsan axtarmaq günahdır.
Bəs yalnışları kim edir?
Müxalifətmi?
Yoxsa müxalifətin bir qrupumu?
Hansısa qüvvələrmi?...
1 Haziran 2011 Çarşamba
Uşaqlıq
1 iyun uşaqların hüquqlarının müdafiəsi günüdür.
Bir anlıq dayanıb uşaqlığım haqda düşündüm.
Mən 8 yaşıma kimi kənddə yaşamışam.
Quzu otarmışam. İnək dalınca qaçmışam.
Sonra Bakıya köçmüşük. Burda çox kasıb həyat sürmüşük.
Uzun müddət kirayədə yaşamışıq.
Sonra 5 nəfərlik ailə ilə bir otaqlı evə sığınmışıq.
3 orta məktəb dəyişmişəm. Daimi dostlarım, həyət və məktəb yoldaşlarım olmayıb.
Uşaqlığım çox maraqsız və adi keçib.
Çox özünə qapanıq uşaq olmuşam.
Bəlkə bütün bunları bir gün yazacam mən. Zatən memuar ədəbiyyatını çox sevirəm.
Ancaq maraqsız keçən uşaqlığı da maraq yazmaq olar.
Bir anlıq dayanıb uşaqlığım haqda düşündüm.
Mən 8 yaşıma kimi kənddə yaşamışam.
Quzu otarmışam. İnək dalınca qaçmışam.
Sonra Bakıya köçmüşük. Burda çox kasıb həyat sürmüşük.
Uzun müddət kirayədə yaşamışıq.
Sonra 5 nəfərlik ailə ilə bir otaqlı evə sığınmışıq.
3 orta məktəb dəyişmişəm. Daimi dostlarım, həyət və məktəb yoldaşlarım olmayıb.
Uşaqlığım çox maraqsız və adi keçib.
Çox özünə qapanıq uşaq olmuşam.
Bəlkə bütün bunları bir gün yazacam mən. Zatən memuar ədəbiyyatını çox sevirəm.
Ancaq maraqsız keçən uşaqlığı da maraq yazmaq olar.
21 Mayıs 2011 Cumartesi
Bəxtiyar Hacıyevin məqaləsi

“Gənclərə qarşı repressiyanın arxasında nə dayanır? Təbii ki, hakimiyyətin qorxusu. Azərbaycan hakimiyyəti həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq aləmə siyasi müstəvidə cəmi 3 qüvvə olduğunu təqdim etməyə, yalnız bu 3 qüvvə arasında seçim etməyə çalışır: hazırkı rejim - insan hüquqlarını pozmaq bahasına sabitliyi və xarici maraqları təmin edən qüvvə; müxalifət - hakimiyyətin repressiyası nəticəsində resursları məhdudlaşan, uzun müddət əleyhinə qara PR aparılmış qüvvə; radikal dini qruplar - nə ölkə ictimaiyyətinin, nə də beynəlxalq qüvvələrin marağında olan qüvvə.
Dördüncü potensial qrupu isə hakimiyyət əzməyə, daxildə və xaricdə alternativ qüvvə kimi formalaşmasının, qəbul edilməsinin qarşısını almağa çalışır. Çünki bu qrup həm ölkə ictimaiyyəti, həm də beynəlxalq aləm üçün cazibədar alternativ ola bilər.
Sadə Azərbaycan vətəndaşları qonşu Gürcüstanda təhsilli, gənc kadrlardan ibarət komandanın qısa müddətdə apardığı demokratik islahatlardan, polis, təhsil və səhiyyə sistemlərində vətəndaşlar üçün yaradılmış şəraitdən, korrupsiya ilə mübarizədən böyük həvəslə danışır, Azərbaycanda da bənzər müsbət dəyişiklikləri arzu etdiklərini deyirlər.
Gənclərdən ibarət potensial alternativ beynəlxalq qüvvələr üçün də maraqlı ola bilər. Çünki indiki hakimiyyət həm daxili sabitliyi insan hüquqlarını kobud sürətdə pozmaq hesabına qoruyur, həm də qarşılıqlı maraqları təmin etmək üçün bu hüquq pozuntularına, korrupsiyaya göz yumulmasını istəyir. Xaricdə təhsil almış, sözün əsl mənasında dünya ilə ortaq dil tapa bilən, ortaq dəyərlərə inanan qrup həm daxili sabitliyi, həm də qarşılıqlı maraqları insan hüquqlarını pozmadan təmin edə və sürətli demokratik islahatlar həyata keçirə bilər. Məhz buna görə də son illər hakimiyyət müxtəlif yollarla, o cümlədən gəncləri həbs edərək bu qrupu “zərərsizləşdirmək” üçün çalışır.
Bu proses Avropada Təhsil Alan Azərbaycanlı Tələbələr Forumunun (FASE) neytrallaşdırılması ilə başladı. Avropada qeydiyyatdan keçmiş QHT olan FASE-yə çox istisna bir hal kimi prezident sərəncamı ilə maliyyə yardımı ayrıldı. Təşkilatın maliyyə asılılığı hesabına nəzarətə alınması özünü tezliklə göstərdi. FASE-nin London forumunda öz fikirlərini azad platformada səsləndirən gənclərə təzyiqlər başladı ,onlar təşkilatdan uzaqlaşdırıldılar. Bundan qısa müddət sonra isə Avropa təhsilli Emin Milli və Amerika təhsilli Adnan Hacızadə həbs edildi. FASE-nin maliyyə asılılığına görə təşkilatı tərk edənlərin yaratdığı Azərbaycan Vətəndaşlarının Avropa Forumu (FACE) İstanbulda forum keçirəndə Azərbaycanın bu şəhərdəki konsulluğu tədbirin qarşısını almaq üçün xüsusi canfəşanlıq göstərdi.
8 ildir təşkil olunan Beynəlxalq Azərbaycanlı Tələbələr Forumu (ASAİF) 2010-cu ildə Prezident Adminstrasiyasının binasında, PA rəsmilərinin nəzarəti altında təşkilat kimi təsis edildi. Bu, heç şübhəsiz ki, xaricdə təhsil almış gəncləri təsir və nəzarət altına almaq cəhdi idi. Bundan başqa “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı” çərçivəsində müstəqil mövqeli gənclərə yox, hakimiyyətə yaxın şəxslərə təqaüd verilməsi onu göstərir ki, hakimiyyət xaricdə təhsil alan müstəqil düşüncəli insanlardan ehtiyatlanır. Yeni hazırlanan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə dövlət proqramı” isə təhsilli, fəal gənclərin qısamüddətli kiçik peşkəş qarşılığında ölkəmizin ictimai maraqlarına zərər vuran siyasətə göz yumması, dözümlü yanaşmasına hesablanıb.
Ümid edirəm ki, gənclərimiz dövlət proqramlarının imkanlarından faydalananda ayıq olacaq, bu proqramların hökümətdən yox, dövlət büdcəsindən maliyyələşdirildiyini xatırlayacaq, uzunmüddətli ictimai maraqları qısamüddətli şəxsi maraqlara qurban verməyəcəklər.
Eyni zamanda ümid edirəm ki, beynəlxalq təşkilatlar, Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyalar gənclərə qarşı repressiyaya qarşı daha açıq, daha sərt mövqe ortaya qoyacaqlar. Repressiyanın davamına dözümlü yanaşma uzun müddətdə həm ölkəmiz, həm də beynəlxalq aləm üçün geri qaytarıla bilməyən mənfi nəticələr doğura bilər.
21 May 2011
(Mediaforum)
Blogumu niyə aktivləşdirdim?

Bu blogu 5 il bunda qabaq açmışam. O vaxt Azərbayanda çox adam blogun nə olduğun bilmirdi. Heç mən də bilmirdim. Blogger olduğumu da bilmirdim. Emin Milli və Adnan Hacızadə həbs olunandan sonra Azərbaycanda blogger anlayışı məşhurlaşdı. Mən də onda bir zamanla blogger olduğumu bildim. İndi blogumu işə salıram. Deyirlər blog bir ayrı aləmdir. Baxmayaraq ki, mənim üçün tribuna problemi yoxdur. "Azadlıq" qəzeti, Abzas.net, Kulis.az ... Ayrı ayrı istiqamətlərdə bunların hər üçünə yazıram və yaza bilərəm. Ancaq Blog-da insan özünü daha sərbəst hiss edir. Sanki oxucu kompleksin yoxdur. Kimsə oxuyub bəyənməyəcəksə vecinə də olmur adamın. Blogu yenidən işə salmağımın bir səbəbi də budur.
Yağışlı əsgərlik xatirələri

Bir neçə gündür yağışlar başlayıb. Yağış haqqında minlərlə mahnı, şeir var. Yağış romantikadır. Yağışdan yazmaq fikrim yox idi. Ötən ilin o möhtəşəm yağışlı günləri yadıma düşdü. Kürdəki daşqınlara səbəb olan yağışlar.
Mən o zaman əsgər idim. Tovuzun Əlibəyli kəndində. Deyəsən, aprel ayı idi. Bütün ay dayanmadan yağış yağdı. Dayanmadan. Yadıma Markesin “İzabel Makondada yağışa baxır" əsəri düşürdü.
Mən belə şey birinci dəfədir görürdüm. Dəli olmuşdum. Səngərə girib çıxmaq olmurdu. Batinkalara yapışan palçığı təmizləməkdən yorulurduq. Hər yer palçıq idi. Yemək yeyəndə də qabın içindən palçıq idi. Çörəklərin üstü palçıqlı idi. Yerin altında yerləşən kazarmamız da, yataqlarımız da palçıq idi.
Həm də səngərlər uçub dağılırdı. Yağışdan sonra əsgərləri ağır iş gözləyirdi.
Buna baxmayaraq biz - əsgərlər yağışı özümüzə dost sayırdıq. Göydə qara buludlar görsənəndə hamı sevinir, Tanrıya təşəkkürlərini bildirirdilər. Çünki yağış yağanda əsgərlər günlərlə blindajdan çıxmırdılar. Yeyib yatırdılar.
Mən də bütün romantik adamlar kimi pəncərənin qabağında dayanıb çölə baxırdım. Bakını, dostları, sevdiklərimi düşünürdüm.
Hər saatda azı iki siqaret çəkirdim. Yağış, siqaret... Yağış yağanda siqaret yandırmadınsa, böyük bir həzzi qaçırmış olurdun.
Postun ətrafında 5-6 avara it var idi. Bizə hürməzdilər. Yad adam görən kimi hürürdülər. Amma dəhşətli dərəcədə qorxaq itlər idi. Pişiklər də çox idi. Mən birinci dəfə orda pişiklə itin dostluğunu gördüm. Əsgərlikdə olanlar bilir. Hərbidə hər şey “qrajdanskiy” (mülki) və “vayenniy” (hərbi) deyə iki yerə bölünür. Yeməklər, adamlar, arzular, çay, su... Hətta yuxular da ya “qrajdanskiy” olurdu, ya da “vayenniy". Səhər yuxudan duranda biri deyirdi ki, bu gecə “qrajdanskiy” yuxu görmüşəm, çox pisəm. Belə yuxu görmək, doğurdan da, pis idi. Adam bütün günü ev üçün, mülki həyat üçün darıxırdı. Biz o heyvanlara da “vayenniy” deyirdik. Onlar da sanki bizimlə bir yerdə hərbi xidmət keçirdilər. Bizim yedimiyiz yeməklərdən yeyir, yatdığımız yerlərdə yatırdılar. Onlar da bizim kimi hər zaman yorğun və yuxusuz görsənirdilər.
Bərdədən bir əsgər var idi. Pişikləri yaman sevirdi. Savadsız birisi idi. Dünyadan xəbəri yox idi. Adını da yaza bilmirdi. Amma pişikləri dəhşətli dərəcədə sevirdi. Yağış yağanda pişikləri buşlatın altında gizlədib blindaja gətirirdi. Bunun üstündə onu neçə dəfə döymüşdülər. Amma xeyri yox idi. Pişiklərə görə döyülməyə də, söyülməyə də razı idi. Yeməkxanadan pişiklər üçün ət, çörək oğurlayıb gətirirdi.
Bir dəfə gecə növbədə idim. Əlimdə silah, əynimdə kaska-bronjilet. Özüm də dəhşətli dərəcədə əsəbiyəm. Evdəkilərlə problemim var. Yaman dərdliyəm. Ürəyim partlamaq üzrədir. Az qalıram hər şeyi atıb qaçım. Uzaqdan düşmən maşınlarının işığı görsənir. Hava çox gözəldir. Bir də gördüm bala pişiklərdən biri ayağımın yanında o tərəf bu tərəfə gedib gəlir. Bir azdan pişik üstümə dırmaşmağa başladı. Dəli olmuşdum. Birinci dəfədir, pişiyin adamın üstünə çıxdığını görürdüm. Sanki pişik dərdimi dağıtmağa gəlmişdi. Gülümsədim sadəcə. Mən hər zaman pişiklərin qeyri-adi heyvanlar olduqlarını düşünürdüm. Pişiklərdə bir ilahilik olduğunu düşünürdüm. Həmin hadisədən sonra düşündüklərimə inanmağa başladım.
Qayıdaq yağışlı günlərə. Günlər keçir, yağış dayanmır...
Hər şeydən və hamıdan uzaq bir yerdə darıxmamaq üçün əyləncə axtarırdım.
Telefonum da var idi. Gündə iki- üç dəfə Bakıyla danışırdım. Amma danışacaq çox az şey olurdu. Mən orada olanları Bakıdakılara danışmaq istəmirdim. Bilirdim ki, hamıya maraqsızdır. Ümumiyyətlə, əsgərlik mövzusunun bütün dostlarım üçün maraqsız olduğunu bilirdim. Onların ancaq keflərini soruşmaqla yekunlaşdırırdım söhbəti. Arada bir nə etdiklərini, harda olduqlarını soruşurdum. Filankəs, filankəs necədir və s... Kimin təzə kitabı çıxıb, kim qəzetdə nə yazır, kim harda işləyir və s. bu kimi şeylər. Bunları da hər gün soruşmaq olmurdu.
Bütün aprel ayı boyunca yağış kəsmək bilmirdi. Mənsə darıxırdım. Məni məzuniyyətə buraxmırdılar. 10 aydan çox idi ki, Bakıdan uzaq idim. Hər gün əlaqə zəng çalanda məzuniyyət xəbəri olacaq deyə ürəyim döyünürdü. Yağışlar dayandı, günəş çıxdı, hər yan yaşıllaşdı, amma mən hələ də əlaqə zəngini gözləyirdim. Məni məzuniyyətə mayın axırı buraxdılar.
Arada peyk antenasından “Azadlıq” radiosuna qulaq asırdım. Hər şeydən xəbərim olurdu. Xəbərsiz deyildim. Amma xəbər adamın köməyinə çatmır. Adam hadisələrin içində olmaq istəyir.
Yağışdan başlayıb haralara gedib çıxdım. Mən əslində başqa şeydən yazmaq fikrindəydim.
Bu günlərdə şəhərdəki kafelərin birində dostlarla yaxşıca vurmuşduq. Çıxanda gördük ki, yağış başlayıb. Fəvvarələr meydanında yeni ilə görə quraşdırılmış işıqların fonunda yağış çox əsrarəngiz görsənirdi...
Birdən içimdən əslində Bakını nə qədər sevdiyim keçdi. Şəhərin, doğurdan da, gözəl olduğu keçdi. İstanbul haqqında yazılan mahnıları, şeirləri, romanları Bakıdan da yazmaq olar...
Metroya qədər yağışın altında gəzişdik. İçkinin təsiri ilə hər şeyin gözəl olduğu keçdi ağlımdan... Yaşımın ən gözəl çağı... Ən gözəl dostlar yanımda...
Ancaq bir pis şey var idi ağlımda... Bax o məni oyatdı...
O da lənətə gəlmiş avtoritarizm...
Abzas.net
Anar niyə getmir?

Anar Rzayev düz iyirmi dörd ildir ki, Azərbaycan Yazıçılar Birliyinin sədridir.
Bu iyimi dörd ilin ilk dörd ilində təşkilat Azərbaycan Yazıçılar İttifaqı adlanırdı.
1987-ci ildə seçilib. 1990-da yenə seçilib. 1997-ci ildə təkrar seçilib. 2004-cü il sonuncu dəfə seçilib. İndi 2011-ci ildir. AYB XII qurultayına hazırlaşır. Anar da hazırlaşır. Anar yenə seçilmək istəyir. Deyir ki, yorulmamışam. Deyir ki, yerimə başqa adam görmürəm.
Biz də burda təəccüblü heç nə görmürük. Artıq təəccüblənməyə bir şey tapmırıq. 20 ildir AYB sədri olan Anarın bir daha rəhbər seçilmək arzusunda ona görə qeyri-adi bir şey yoxdur... Bu milli bir idmandır.
Anar da azərbaycanlıdır. Ancaq o, yazıçı olduğuna görə kütlədən, tipik azərbaycanlıdan fərqlənməliydi.
Dəyərli yazıçımız Anarın pis aqibətlə üzləşməsini istəmirəm. Heç bunu arzulamıram. Könüllü şəkildə vəzifədən getmək həm Mehdi Hüseynin aqibətini yaşamaqdan, həm də “vurulmaq”dan yaxşıdır.
Anarın 73 yaşı var. Bir insan Azərbaycanda nəyə nail ola bilərsə, Anar buna nail olub. Ailə qurub, uşaqlarını böyüdüb, əsərlərini yazıb, evi var, maşını var, vəzifəsi var. Oğlu səfirdir, qızı üç jurnalın bir yerdə baş redaktorudur. Rəsul Rzanın adını lazımı səviyyədə qoruyub saxlayıb. “Təhminə və Zaur”a Azərbaycanda hamı azı 40 dəfə baxıb. Bütün bunlardan sonra bu adam nə istəyir?
Anar müstəqillik dövründə ən çox tənqidlərə tuş gələn yazıçıdır. Amma Azərbaycanda heç kim Anarı əsərlərinə görə tənqid etməyib. Heç kim “Sən istedadsız və pis yazıçısan” deməyib.
Yazıçılar Birliyinin sədri kimi Azəbaycan ədəbiyyatına bu qədər zərbə vurmasına görə tənqid edilib.
“Anar nə edə bilərdi ki? İnsanların əlindən tutub yaxşı əsər yazdırmayacaqdı ki?”
Belə arqumentlər səslənə bilər. Müəyyən qədər haqlı görünə bilər bu arqumentlər.
Ancaq məsələnin başqa tərəfləri də var.
Bu illər ərzində dövlət büdcəsindən AYB-yə yüz minlərlə pul ayrılıb. Təkcə “Ədəbiyyat qəzeti”nə ildə iki yüz min manat pul ayrılır.
Bu pullar hara xərclənir? Yazıçıların həvəsləndirmək üçün hansısa müsabiqələr keçirmək, mükafatlar vermək, qonorar vermək olmazdımı?
“Ədəbiyyat qəzeti” adama sovet vaxtı çıxan qəzetləri xatırladır. Qəzet də 1939-cu ildən çıxır. Hələ də 39-cu ildə qalıb sanki.
Anar AYB-nin sədri kim tez-tez xarici səfərlərdə olur. Beynəlxalq tədbirlərə qatılır. Bu səfərlərə özünun əvəzinə arada digər gənc yazıçıları göndərmək olmazdımı? Əlbəttə, olardı.
Dövlət büdcəsindən ayrılan pullar hesabına da çox işlər görmək olardı. Bu gün internetin yaratdığı imkanlar ədəbiyyatı, incəsənəti təbliğ etməkdə çox geniş imkanlar yaradır. AYB-nin isə normal bir saytı yoxdur. İndiyə kimi internetdə olan ədəbiyyat portallarının əksəriyyətini müstəqil yazarlar könüllü şəkildə hazırlayıblar. Bu saytların hesabına Azərbaycan insanı müasir ədəbiyyatla tanış olub.
O işlərin böyük əksəriyyəti pul qarşılığında edilməyib. Könüllülük prinsipi ilə edilib.
AYB sovet pencəyini əynindən çıxarmayıb. Köhnə üslubda tədbirlər, jurnallar, qəzetlər.
Bütün bunlar haqda gənc yazarlar çox yazıblar. Anarı çox tənqid ediblər. Anar isə əvəzində onlara cavab verməyib, ya da təhqir edib.
... Dünyada yaradıcı insanın bir obrazı var. Dağınıq, anarxist, etirazçı... Anar isə ütülü, razılaşan, məmur tipli...
Yazıçılar Birliyində havanı dəyişməyə ehtiyac var...
Kulis.az
Kaydol:
Kayıtlar (Atom)

